Bu gün:

Zəhərli pozitivlik nədir?


Pozitiv olmağın bir çox faydası var. Lakin reallığı əks etdirməyən və emosiyaların boğulmasına səbəb olan zəhərli pozitivlik insana ciddi zərər verə bilər.

Müsbət dünyagörüşünə sahib olmaq ümumiyyətlə sağlam düşüncə tərzidir. O çətin anlardan asanlıqla keçməyə kömək edə bilər. Həmçinin qeyri-səmimi pozitivlik adlanan anlayış var. Həqiqi hissləri boğmaq emosional və mənəvi cəhətdən zərərli nəticələrə səbəb olur. Həddindən artıq və qeyri-real pozitivlik nəticəsində baş verir.

Problemin kökü sosial mediadır

Sosial şəbəkələrdə insanlar özlərini mükəmməl kimi göstərirlər. Həyatlarının yalnız yaxşı hissələrini paylaşırlar. Onlar narahatlıqlarını, çətinliklərini və pis hisslərini paylaşmamağa və onları gizli saxlamağa üstünlük verirlər. Bu tip yazılar məsum görünən, lakin insana daxildən zərər vuran motivasiya xarakterli yazılar və ya yalnız pozitivlik ehtiva edən cümlələrdən ibarət süni mətnlər ola bilər.

Faktları gizlətmək öhdəliyi

Sosial şəbəkələrdə reallığı əks etdirməsə də, həyatlarından məmnun olan və bununla öyünən insanları görəndə özünü də belə hiss etməyə məcbur etməyə başlayırsan. Beləliklə, həyatında hər şeyin əla getdiyini və çətinliklərdən təsirlənmədiyini göstərmək üçün saxta maska taxırsan. Bunu etməsən, hətta kədərli, stresli, motivasiyasız və yorğun hiss etdiyiniz üçün özünü döyməyə başlaya bilərsən.

Pozitiv insanları və onların şən postlarını güc əlaməti kimi qəbul edirsən. Mənfi emosiyaları üzə çıxarmağın səni zəif insan etdiyini düşünürsən. Bu isə emosiyalarını boğmağına və onlar haqqında düşünməməyinə səbəb olur. Bunun vəziyyəti yaxşılaşdıracağını düşünə bilərsən, amma daha da pisləşəcək. Həqiqi hisslərini gizlətmək və problemlərlə üzləşməmək yalnız daha çox stress, narahatlıq və depressiyaya səbəb olacaq.

Müsbət görünən neqativlər

Çox vaxt insanın dostları və ailəsi ona xoşbəxt olmaqda, hər şeyi problem etməməkdə kömək etmək istəyir. Lakin bu anda düzgün sözləri tapmaq çətin ola bilər. Ona görə də asan çıxış yolunu “Pozitiv ol” , "Daha pis ola bilərdi" deməkdə görürük. Lakin bu sözlər zəhərli pozitivliyə səbəb ola bilər.

Bunun əvəzinə, "Görürəm ki, streslisən, sənin üçün edə biləcəyim bir şey varmı?", “Başına bu iş gəldiyi üçün üzgünəm” kimi ifadələrdən istifadə etmək, qarşıdakı insanı başa düşdüyünü və ona həqiqətən kömək etmək istədiyini göstərir. Burada əhəmiyyətli olan insanın problemini kiçik hesab etməmək və ya hisslərini dəyərsiz görməməkdir. 

Pozitiv olmaq məcburiyyəti

Çox vaxt yalnız pozitiv görünməli olduğun təzyiqini hiss edə bilərsən. Əgər pozitiv deyilsənsə, hiss edəcəyin yeganə şeyin ağrı, stress və ya mənfi hesab edilən hər hansı digər emosiya olduğunu düşünə bilərsən. Bunun əksinə olaraq, eyni vaxtda mənfi və müsbət emosiyalar yaşaya bilərsən.

Məsələn, tutaq ki, işini tərk etdin, özünü məyus və narahat hiss etdin. Belə bir vəziyyətdə ətrafdakı insanlar “Heç olmasa ailən var, sağlamlığın yaxşıdır", “Hər şeyin bir səbəbi olur" və ya “İndi çoxlu iş imkanların olacaq” – kimi cümlələrdən istifadə edəcəklər. Beləcə zəhərli pozitivliyə məruz qalacaqsan. Gələcək üçün həyəcanlanarkən mövcud vəziyyətdən narahat olmağının təbii olduğunu və bu iki hissi eyni anda balanslı şəkildə yaşaya biləcəyini bilməlisən.

Hər vəziyyətdə pozitiv olmağa çalışmaq, faktlara məhəl qoymamaq həqiqətən yorucudur. O, psixi sağlamlığınıza zərər verə bilər. Bunun əvəzinə yaxşı və ya pis hiss etdiyiniz hər şeyi qucaqlamaq, onları əks etdirmək daha yaxşı olardı. Bununla sən ətrafındakı insanları öz həqiqətlərini üzə çıxarmaqda ruhlandıra bilərsən.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş