Görünüşü və ətirli qoxusu ilə ən məşhur çiçəklərdən biri olan çobanyastığının insan sağlamlığına bir çox faydası olduğunu bilirdinizmi? Kiçik yaşlarımızda ləçəkləri ilə "sevir, sevmir" oynadığımız çobanyastığı sakitləşdirici xüsusiyyətlərə malik bitkilərdəndir. Mənşəyi Qədim Misirdən gələn çobanyastığı çayı müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Evdə asanlıqla hazırlanan çobanyastığı çayının faydaları nələrdir? Çobanyastığı çayını necə dəmləmək olar?
Çobanyastığı çayının faydaları nələrdir?
Həzm sistemini rahatlamağa kömək edir. Sinüzit, qrip və soyuqdəyməyə qarşı yaxşı təsir edən çobanyastığı çayı boğaz ağrısını və öskürəyi də aradan qaldırmağa kömək edir. Əsəbləri sakitləşdirməyə və yuxusuzluğa qarşı çox təsirlidir. Ağızdakı iltihabı aradan qaldırmağa və diş əti problemlərini aradan qaldırmağa kömək edir. Qan şəkərini balanslaşdıraraq diabet riskini azaldır. Ürək bulantısına yaxşı təsir etdiyi üçün mədə problemi olanlara tövsiyə edilir. Menstruasiya pozuntularına və ağrılara yaxşı təsir göstərir. Allergik xəstəliklərə qarşı da təsirlidir. Qaraciyəri aktivləşdirərək immuniteti gücləndirir və orqanizmin müqavimətini artırır. Bağırsaqları hərəkətə gətirir və bağırsaqlarda iltihabı aradan qaldırır.
Çobanyastığı çayı necə hazırlanır?
Çobanyastığı çayı hazırlamaq üçün lazım olan məmulatlar: yarım litr içməli su və 3 xörək qaşığı qurudulmuş çobanyastığı. Əvvəlcə suyu ocaqda qaynadın. Sonra qurudulmuş çobanyastıqlarını suya əlavə edin. Çayı 3 dəqiqə dəmlədin. Sonra çayı süzgəcdən keçirin və çiçək hissələrini çıxarın. Çayınız hazırdır. Şirin olması üçün bal əlavə edə bilərsiniz. Gündə ən çox 2 stəkan çay içmək lazımdır. Xüsusilə yatmazdan bir saat əvvəl içmək tövsiyə olunur.

Çobanyastığı çayının zərərləri nələrdir?
Çobanyastığı çayının məlum böyük zərəri olmasa da, həddindən artıq çay içmək mənfi nəticələrə səbəb ola bilər. Xüsusilə, həssas insanlarda əks təsirlərə səbəb ola bilər.
Vacib qeyd:
Tozcuq və ya çiçək allergiyası olan insanlar çobanyastığı çayı içməzdən əvvəl həkimə müraciət etməlidirlər. Çobanyastığı çayı ürək bulanmasının qarşısını alsa da, hamiləlik zamanı körpəyə mənfi təsir göstərə bilər. Buna görə hamilə qadınlar istifadə etməzdən əvvəl həkimə müraciət etməlidirlər. Çobanyastığı çayının həddindən artıq qəbulu daimi yuxululuğa səbəb ola bilər. Buna görə gündə ən çox 2 stəkan içmək lazımdır. Çobanyastığı çayının tərkibində qan durulaşdırıcı maddələr var. Bu səbəbdən qanaxma problemi olan insanların həkimə müraciət etmədən istifadə etməsi tövsiyə edilmir.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
