
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki qonağı dietoloq Ləman Süleymanovadır. O, aclıq anlayışı və onun növləri haqqında danışıb.
İnsan neçə gün ac qala, aclıq aksiyası edə bilər?
Aclıq anlayışının iki forması var. Birincisi, tibbi aclıqdır ki, müəyyən kateqoriyalı insanlar həkim məsləhəti ilə müəyyən xəstəliklərdən sağalmaq üçün ac qalırlar. Aclıq deyəndə həm qidadan həm də sudan imtina başa düşülür. Tibbi aclıqda isə su qida rasionunda qalır, amma xəstələr 3-6-14 gün müddətində ac qalırlar. Bu günlər xəstənin orqanizminə və xəstəliyinə görə müəyyən edilir. Həkim xəstəni müayinə edir-qan analizləri, uzi, qaraciyər testləri edilir və müəyyən edir ki, bu insanın orqanizminin vəziyyəti necədir, ona neçə gün aclıq müddəti qoyula bilər. Amma güclü baş ağrıları, arterial qan təzyiqi yüksək olan insanlar da vardır ki, bu insanlara, ümumiyyətlə, tibbi aclıq tətbiq edilə bilməz, çünki bu onlarda çox ciddi fəsadlara gətirib çıxara bilər. Digər halda isə bütünlüklə sağlam insanlara sudan imtina etməmək şərti ilə aclıq müalicəsi tətbiq edilə bilər. Başqa bir müalicə növü kimi isə mərhələli aclıq edilə bilər, məsələn, 3 gün qida qəbul etmək, 3 gün isə tamamilə ac qalmaq. Təbii ki, bunu da həkim müayinəsi vasitəli ilə müəyyən etmək olar. Əslində, tibbi aclıq qorxulu bir hal deyil. Əksinə, orqanizmin zərərli toksinlərdən təmizlənməsinə kömək olur. Aclıq müddəti bitdikdən sonra isə xəstə az- az qidalanmalıdır. İkinci forması isə tiblə əlaqəsi olmayan, insanın öz istəyi ilə heç bir həkim müayinəsi olmadan qidadan imtina etməsidir. Bu zaman insan həm qidadan, həm də sudan imtina edir. Bu isə çox ciddi nəticələrə gətirib çıxara bilər. Bu, maye çatışmazlığı, bədən temperaturunun sürətlə düşməsi, nəbzin zəifləməsi, ürək- damar problemlərinə qədər gətirib çıxara bilər. Ümumilikdə isə yüksək arterial təzyiq, böyrək çatışmazlığı, şəkərli diabet, qaraciyər və mədəaltı vəzi problemi olan insanlar isə 4 gündən artıq ac və susuz qala bilməzlər.
Lalə Mənəfova
