Mətbəxinizi tam təmir etmədən ona zəngin bir atmosfer qatmaq istəyirsinizsə, bəzi əşyaları nizamlamaqla və ya sadə parçaları təzələməklə başlaya bilərsiniz. Dolabın qapılarını dəyişdirmək, bir neçə rəsmi divardan asmaq və ya fərqli bir pərdə seçmək mətbəxinizdə möcüzələr yarada bilər. Hər şeyin harmoniya içində olması mətbəxinizin olduğundan daha zəngin görünməsinə kömək edəcək. Mətbəxinizin zəngin görünməsi üçün 11 sadə tövsiyə:

Aksesuarlardan istifadə edin
Mətbəxinizin qəşəng və dəbli görünməsi üçün kiçik dəyişikliklərlə fərq yarada bilərsiniz. Salfet və ya sabun qabları, bitkilər və ya rəf təşkili mətbəxinizin atmosferini dəyişəcək və onu daha gözəl edəcək. Təbii ki, seçdiyiniz aksesuarların bir-birinə uyğun olmasına diqqət etməlisiniz.
Daha açıq rənglərdən istifadə edin
Divarlardakı və dolablardakı açıq rəng məkanı dərhal işıqlandırır, onu daha böyük və daha bahalı göstərir. Açıq rənglər işığı əks etdirir və köhnə dolablarınızdakı cızıqlar və çuxurlar da daxil olmaqla çoxsaylı qüsurları gizlədir.
Dolab qapılarını dəyişdirin
Köhnə dolab qapılarını yenisi ilə əvəz etmək və ya köhnələrini təmir etmək mətbəxinizə qəşəng, yeni görünüş qatacaq. Bir az qlamur görüntü yaratmaq üçün şüşə və ya parlaq qapılardan istifadə edin və ya bəzi yerlərdə qapılardan imtina edin və ən gözəl qablarınızı nümayiş etdirmək üçün açıq rəflər yaradın.

Çilçırağınızı dəyişin
Çilçıraqlar və asma lampalar təkcə mətbəxinizi işıqlandırmaq üçün deyil, həm də məkanın atmosferini dəyişdirmək üçün mükəmməl aksesuarlardır. Əksər evlərdə və kirayələrdə olan standart işıqlar vahiddir. Fərqli çilçıraq seçərək mətbəxinizi daha gözəl göstərə bilərsiniz.
Rəsmlərdən istifadə edin
İncəsənət nümunəsi istənilən otağın enerjisini dəyişdirmək üçün əla bir üsuldur və mətbəxinizi də qəşəng göstərəcək. İncəsənət də istədikləri hər şeyi dəyişdirmək azadlığı olmayan kirayəçilər üçün əla seçimdir. Məşhur rəssamın və ya fotoqrafın əsərinin surətini divarlarınızdan asmaqla mətbəxinizin aurasını dəyişə bilərsiniz.
Qəşəng pərdələr seçin
Pəncərələriniz köhnə görünüşə malikdirsə, edə biləcəyiniz ən yaxşı şey qəşəng və zərif pərdələrdən istifadə etməkdir. Mühitin rənginə uyğun seçdiyiniz və mebellərlə uyğun gələn pərdə mətbəxinizi daha zərif və zəngin göstərə bilər.
Kiçik alətləri saxlayın
Heç bir şey məkanı dağınıqlıqdan daha ağırlaşdıra bilməz. Dəzgahınızı tosterlər, qarışdırıcılar və qəhvə qabları kimi kiçik cihazlardan azad edin. İstifadə etmək istədiyiniz zaman onu çıxarmaq kifayət qədər asandır.
Xalçalarınızı dəyişin
Mətbəx xalçalarınız digər əşyaların üslubuna və rənglərinə uyğun gəlmirsə, vaxt itirmədən xalçanızı dəyişməlisiniz. Mətbəxiniz yeni və dəbli olsa belə, xalçanız gözə dəyəcək və cəlbedici olmayacaq. Ona görə də mətbəxin rənginə və üslubuna uyğun xalça seçilməlidir.
Mətbəx masanızın düzənini dəyişin
Mətbəxinizdəki masanın üstündəki əşyalar həmişə bir-birinə uyğun və dekorativ olmalıdır. Həm süfrədən, həm də birdən çox əşyadan istifadə edirsinizsə, daha sadə örtük masanızı daha qəşəng göstərəcək. Masanızın üzərinə dekorativ əşyalar qoyursunuzsa, onun çox dağınıq görünməməsinə və gözləri yormamasına diqqət yetirməlisiniz.
Qazan asılqanlarından istifadə edin
Mətbəxinizdəki boş yerlərdən istifadə etmək yaxşı olardı. Bunu metal asılqanlardan istifadə etməklə edə bilərsiniz. Münasib gördüyünüz boş yerə asdığınız metal mətbəx asılqanlarının üzərinə dekorativ şəkildə düzdüyünüz tava, qazan və ya qəhvə fincanı kimi mətbəx ləvazimatlarını asmaq mətbəxinizin atmosferini tamamilə dəyişəcək.
Konsept guşəsi yaradın
Mətbəxinizin kiçik bir hissəsində bəyəndiyiniz əşyalardan uyğunluğu təşkil edə biləcəyiniz kiçik bir künc yarada bilərsiniz. Məsələn, qəhvə guşəsi yaratmaq tərzinizi əks etdirirsə, müxtəlif növ qəhvə, termos və ya fincanlarla qəşəng və gözəl görünüş yarada bilərsiniz.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
