Bu gün:

Tramp Rusiyaya qarşı sanksiyaları dayandırıb


ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı bir sıra sanksiyaların tətbiqini dayandırıb. Qərar Vaşinqtonla Kiyev arasında Ukrayna müharibəsi və Rusiyaya münasibətlə bağlı fikir ayrılıqlarının dərinləşdiyi bir vaxta təsadüf edib.

24media.az BBC-yə istinadən xəbər verir ki, Tramp cümə günü imzaladığı fərmanla Konqres tərəfindən qəbul edilmiş və sentyabr ayında qüvvəyə minməsi nəzərdə tutulan sanksiyaların bir qisminin dayandırılmasını ABŞ-nin “milli maraqları” baxımından zəruri hesab edib. Qərar ABŞ qanunvericiləri arasında narazılıqla qarşılanıb.

Sanksiyalar Rusiyanın iqtisadiyyatına təzyiq göstərmək məqsədi daşıyırdı. Qanun Trampa Rusiya nefti və qazının ən böyük beş alıcısına, o cümlədən Çin və Hindistana qarşı 100 faizə qədər gömrük rüsumları tətbiq etmək üçün geniş səlahiyyətlər verirdi.

Məhdudiyyətlər, həmçinin Rusiya Prezidenti Vladimir Putinə, yüksək vəzifəli Rusiya rəsmilərinə, maliyyə institutlarına və mövcud embarqolardan yayınmaq üçün istifadə edilən, Rusiyanın “kölgə donanması” kimi tanınan gəmi şəbəkəsinə qarşı tədbirləri əhatə edirdi. Həmin müddəaların bir çoxunun tətbiqi Trampın qərarı ilə dayandırılıb.

Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriyev qərarı “mühüm və həqiqətən tarixi məqam” kimi qiymətləndirib. O, sosial şəbəkədəki paylaşımında sanksiyaların ilk növbədə ABŞ-yə və qlobal bazarlara ciddi zərər vura biləcəyini bildirib və Rusiya ilə iqtisadi əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.

ABŞ-də Demokratlar Partiyasının nümayəndələri isə qərarı tənqid ediblər. Virciniya ştatından olan konqresmen Don Beyer Trampı Moskvanın qarşısında geri çəkilməkdə və Ukraynaya dəstəkdən uzaqlaşmaqda ittiham edib. O bildirib ki, bu addım Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə cəzalandırılmasını nəzərdə tutan qanunvericiliyin məqsədlərinə ziddir.

Qərarın Ukrayna ilə ABŞ arasındakı münasibətləri daha da gərginləşdirəcəyi ehtimal olunur. Ukrayna Prezidenti Volodimir Zelenski uzun müddətdir Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq üçün sərt sanksiyaların tətbiqini dəstəkləyir.

Bundan əvvəl Tramp administrasiyasının ABŞ-də enerji qiymətlərini azaltmaq məqsədilə Rusiya dizel yanacağının idxalına şərait yaradan mübahisəli razılaşması da tənqidlərə səbəb olmuşdu. Zelenski bu addımın Rusiyanın müharibə səylərinə maliyyə dəstəyi göstərilməsi ilə nəticələnə biləcəyini bildirmişdi.

ABŞ-də yanacaq qiymətlərinin artması və inflyasiya ilə bağlı narahatlıqlar Tramp administrasiyasına siyasi təzyiqləri artırıb. Yaxın Şərqdəki münaqişə enerji bazarlarına təsir göstərdiyi üçün Ağ Ev qarşıdan gələn aralıq seçkiləri ərəfəsində iqtisadi çətinliklərlə üzləşir.

Tramp daha əvvəl Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların dayandırılmasını nəzərdə tutan atəşkəs barədə razılığa gəldiklərini açıqlamışdı. Zelenski isə Ukraynanın Rusiya eyni addımı atacağı təqdirdə hücumları dayandırmağa hazır olduğunu bildirmişdi. Lakin Rusiyanın yeni hücumlarından sonra Kiyev Rusiya neft emalı zavodlarına zərbələri bərpa edib.

Tramp Ukraynanın bu hücumlarını “rüsvayçılıq” adlandırıb. Zelenski isə ölkəsinin maraqlarını müdafiə etdiyini deyib. Hər iki tərəf qarşı tərəfin enerji infrastrukturuna zərbələr endirməkdə davam edir.

ABŞ-nin Ukraynaya dəstəyi ilə bağlı narahatlıqları artıran digər hadisə isə Starlink peyk internet sistemində yaranan məhdudiyyətlər olub. Ukrayna tərəfinin məlumatına görə, sistemdə sürətin qəfil azaldılması pilotsuz uçuş aparatlarının fəaliyyətinə mane olub və bəzi döyüş əməliyyatlarını çətinləşdirib.

Ukrayna hakimiyyəti həmin dövrdə Rusiyanın bir sıra ölümcül hücumlar həyata keçirdiyini bildirib. Zelenski cümə günü Starlink bağlantısının sürətinin hələ də tam bərpa olunmadığını qeyd edib.

Tramp isə ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını və ya Starlink şəbəkəsinin işini qəsdən ləngitdiyini təkzib edib.

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et