
Gözəl, sağlam və rahat yuxu üçün yatarkən qalın geyim geyinməyin. Bəs niyə qalın paltar ilə yatmayaq?
Demək olar ki, 40% insan yatarkən pijama geyinir. Sevimli qalın, yumşaq gecə geyimindən daha gözəl və isti bir şey yoxdur. Ancaq yatarkən geyinməyi seçdiyimiz şeylər, əslində, yuxumuza, görünüşümüzə və hətta sağlamlığımıza təsir edə bilər. Əgər paltar geyinsək, o, gecələr tərləməyinizə səbəb olacaq. Bu da günə yorğun başlamağa gətirib çıxaracaq.
Yuxu keyfiyyətinə təsir edir
Vücudunuz gecə boyu düzgün temperaturu saxlamalıdır. Dərinizin nəfəs alması və rahat olması üçün ən ideal parça pambıqdır. Digər əla parça növü nəfəs alan və uducu olan kətandır. Ancaq kətan pambıq kimi yumşaq olmaya bilər.
Bədəndə sızanaqlara səbəb ola bilər
Yuxu zamanı tərləmə, tər sızanaqları kimi tanınan müəyyən növ sızanaqlara səbəb ola bilər. Tərli pijamalarınız istilik və sürtünmə ilə birlikdə dərinizdəki məsamələrin tıxanmasına və dərinin daha da qıcıqlanmasına səbəb ola bilər. Bambuk parçadan hazırlanmış gecə paltarlarını seçmək daha məqsədəuyğundur. Bu parça antimikrobiyal xüsusiyyətlərə malik olduğundan sızanaqların qarşısını alır. O hətta pambıqdan daha yumşaq və uducudur. Rahat yatmaq üçün idealdır.
İnfeksiyalara səbəb ola bilər
Gecələr tərləyirsinizsə, dəri infeksiyasına tutulma şansınız çox yüksəkdir. Bakteriyalar nəmli və qaranlıq yerlərdə daha yaxşı inkişaf edir. Onları isti paltar və yorğanla örtsəniz, əslində, mikroblar üçün mükəmməl çoxalma zəmini yaradırsınız.
Reproduktiv sağlamlığa təsir göstərə bilər
Aparılan araşdırmaya görə gecələr pijama geyinməyən kişilər sperma keyfiyyətini yaxşılaşdıra bilirlər. Dar alt paltarı və ya qalın gecə geyimi ilə yatdığınız zaman cinsiyyət nahiyənizin tərləmə ehtimalı daha yüksəkdir. Həddindən artıq tərləmə qadınlara da təsir edir. Çünki tərləmə iltihab və infeksiyalara səbəb olur.
Bədəninizin istiliyini təbii şəkildə tənzimləməsinə mane olur
Gecələr daha aşağı temperaturun olması bədənin daha yaxşı sağalmasına, maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Pambıq parçadan başqa bir şey geyinmək istəyirsinizsə, ipək yaxşı seçim ola bilər. O, təbii termorequlyatordur. İpək saplar arasında saxlanılan istilik soyuq qış gecələrində sizi isti saxlaya bilir. İzolyasiya effekti yaradır.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
