
Qida dəyəri yüksək və sağlam olan balıqları həftədə ən az iki dəfə yeməyi tövsiyə edən aşpaz Emre Öztürk mövsümünə görə balıq seçimi və bişirilməsi ilə bağlı vacib məlumatları paylaşıb.
Ləzzətli balıq yemək istəyənlərə aya xas balıq istifadə etməyi tövsiyə edən Emre Öztürk qeyd edib ki, “İstifadə etməyi tövsiyə etdiyimiz balıq növləri hər ay dəyişə bilər. Bununla bağlı, isə əsas amil budur: Dəniz suları hələ də çox istidir. Balıqlar özlərini tam yağlaya bilmirlər. Su nə qədər soyuq olarsa, balıq bir o qədər dadlıdır. Noyabr, dekabr və yanvar aylarında balıqların daha yağlı və daha dadlı olduğunu söyləmək olar”.
Baş aşpaz Emre Öztürk havaların isti keçməsi ilə əlaqədar mümkün mənfi təsirlərin qarşısını almaq üçün balıq seçərkən diqqətli olmaq lazım olduğu barədə xəbərdarlıq edərək, hər balığın mövsümünə uyğun istifadə edilməsini təklif edib. Öztürk, insan orqanizmi üçün çox faydalı olan balıqların həm ləzzətli, həm də qida dəyərini itirmədən bişirilməsinin vacib olduğunu vurğulayıb.
Təzə balıq seçiminin balıq yemək qədər əhəmiyyətli olduğunu ifadə edən İstanbul Beykent Universiteti Kulinariya Proqramı Baş müəllimi Emre Öztürk xüsusi reseptləri ilə yanaşı, təzə balıq seçməklə bağlı məsləhətləri də açıqlayıb. Öztürkün paylaşdığı məlumat isə belədir: “Balıqlar başdan-ayağa xarab olmağa başlayır. Buna görə də, baxacağımız ilk hissə gözdür. Balığın gözü parlaq və xaricə əyilmiş olmalıdır. Bu, balığın təzə olduğunu göstərir. Gözü batmış, tutqun balıq köhnədir. Bundan başqa, qəlpələr mütləq qırmızı, parlaq və nəm olmalıdır. Parlaq olmayan, tutqun və ya bənövşəyi qəlpələr balığın köhnəldiyini göstərir. Aşağı nahiyədə balığın ətini sıxmaq lazımdır. Əgər, basdığımız zaman balıq öz formasını alırsa, təzədir. Ancaq basdığımız zaman iz qalıbsa, köhnəlmiş balıqdır”.
Mənbə: CNN türk
Tərcümə etdi: Lalə Mənəfova
