Bu gün:

Tələbələrə hansı güzəştlər edilir?


Dünyanın əksər ölkələrində tələbələrə müəyyən güzəştlər edilir. Almaniya, Sinqapur, Cənubi Koreya, Polşa, Türkiyə kimi ölkələrdə təhsil alan tələbələr yeraltı və yerüstü nəqliyyat vasitələrində müəyyən güzəştlərdən yararlana bilirlər. Onlara ictimai iaşə obyektlərində endirimlər də edilir. Türkiyədə tələbələr yaşıl kartla təmin edilirlər. Onlar bu kart vasitəsilə hər gün ictimai nəqliyyatdan istifadə zamanı gediş haqqında 75 faizə qədər güzəşt əldə edirlər. Bayram günlərində - Ramazan bayramında, digər əlamətdar günlərdə ictimai nəqliyyatdan pulsuz-ödənişsiz istifadə edirlər. Azərbaycanda 90-cı illərdə oxuyan tələbələr rayona gedərkən tələbə biletini göstərərək ödənişsiz yolu qət edə bilirdilər. Bəs indi Azərbaycanda tələbələr hansı güzəştlərdən yararlana bilərlər?

 Təhsil Tələbə Kredit Fondu tələbələri təhsil aldıqları müəssisənin illik ödənişini ödəmək üçün kreditlə təmin edir. Təhsil tələbə kreditlərinin iki növü var: Sosial və standart təhsil tələbə kreditləri. Sosial təhsil tələbə  kreditini əlillik qrupu olan, 3-cü dərəcəli əlillik qrupu varsa, tələbə ünvanlı dövlət sosial yardımı alan ailənin üzvüdürsə, həmçinin tələbənin valideynlərinin 1-ci  və 2-ci dərəcəli əlilliyi varsa və yaxud valideynləri rəsmi olaraq işsiz kimi qeydiyyatdırsa, ala bilər. Bu qrupa aid olmayan digər tələbələr isə standart təhsil tələbə kreditindən yararlana bilərlər. Sosial kredit iki, standart kredit altı faizlə verilir. Kredit götürən tələbə əlaçı olduğu halda sosial kreditin 50 faizi, standart kreditin isə 25 faizi bağışlanır. Kredit verilən zaman heç bir zəmanət, girov tələb olunmur. Tələbələr krediti almaq üçün notarial qaydada təsdiq olunmuş ərizə ilə, elektron üsulla e-ttkf. edu.az portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müraciət üçün əsas şərt isə tələbənin əyani təhsil alması, qiymətlərinin yüksək olmasıdır. Həm bakalavr təhsili, həm də magistr təhsili alanlar bu imkandan yararlana bilərlər. 

Novella kitab evindən kitab alarkən tələbələrə 10-20 % endirim edilir. Əli və Nino kitab mağazasında həftənin 1-ci günü - bazar ertəsi tələbə biletinizi göstərək 15% endirimlə kitab ala bilərsiniz. Libraff kitab mağazasında isə hər həftənin 1-ci və 2-ci günləri tələbə biletinizi göstərərək, tələbə günləri kampaniyasından yararlanaraq kitablara 15% endirim qazana bilərsiniz. "Old school cafe and shop" adlı retro kafedə tələbə kampaniyası ilə bütün menyuya səhər saat 10:00-dan 12:30-a qədər 30% endirim edilir. Hesabı istəməmişdən əvvəl tələbə biletinizi göstərməyiniz kifayətdir. 

Hazırladı: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et