"Yeraltından qeydlər" Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş qısa romanıdır. O, epilepsiya tutması və qumar aludəliyi səbəbindən maddi sıxıntı içində olduğu zaman “Yeraltından qeydlər” adlı əsərini yazıb. Əsərdə Dostoyevskinin dərin mənəvi təsvirlərini, daxili konfliktlərini çox real şəkildə hiss edə bilirik. Realizm cərəyanından təsirlənən müəllif bunu yaradıcılığında çox gözəl idarə etmişdir. Əsərdə anonim qəhrəman yaratmaqla müəllif əslində demək istədiyini bu qəhrəman vasitəsilə oxucuya çatdırıb. Heç bir yazıçının həyatından asılı olmayaraq əsər yaratmaq imkanı yoxdur. Müəllifin həyatı, iztirabları, yaşantıları qələminin gücü ilə birləşir.

Özünü real dünyadan təcrid etmiş bir insanın yaşadığı daxili ziddiyyətlər, qəzəb, inciklik, üsyan və bir çox başqa duyğulardan bəhs edən bu kitabda qəhrəmanımız qırx yaşından gəncliyinə nəzər salır və səbəblərini danışıq tərzində izah edir.
O, heç vaxt insanlar arasında özünə yer tapa bilməyib. O özünü başqalarından ağıllı hesab edir və yer tapa bilməməsinin səbəbi də budur. Amma özünü böcəkdən də dəyərsiz gördüyü vaxtlar ola bilər. İnsanların ondan iyrəndiyini düşünür, bir növ başqalarından da iyrənir. O, insanlara xor baxır, eyni zamanda onlardan qorxur. Hər zaman insanlardan uzaq baxan, özünü “xəstə adamam” adlandıran biridir. Bununla belə, onun daxili ziddiyyətləri mövcud olmaqda davam edir. Onun fikrincə, insan nə qədər fəzilətli, namuslu, məntiqli və insansevər olsa da, son nəticədə nankorluq edir.
O hər zaman öz mənafeyini üstün tutan insanları tənqid etməyi və şəxsi mənafeyin nə olduğu barədə düşünməyə vadar edir. Onun fikrincə, bu dəyişən anlayışdır, bəzən bədbəxtlik də insanın marağında ola bilər. İnsanlar bilərəkdən öz maraqlarını kənara atıb, öz iradələri ilə müxtəlif yollara gedirlər, yəni öz mənafeyindən əvvəl öz yollarına getmək inadkarlığı insanlarda daha çox üstünlük təşkil edir.
Özünə güvənə bilməyən biri olduğunu deyir və səbəbini şüuru ilə izah edir. Ancaq hətta bu bəyanat da çox vaxt ziddiyyət təşkil edir. O, öz aləmində qalmaq üçün məktəb yoldaşlarını və həmkarlarını həyatından tamamilə uzaqlaşdırıb. Onu heç vaxt başa düşmədiklərindən, həmişə ona xor və istehza edildiyindən şikayətlənir. Dostlarının belə münasibətinin səbəbini onun daha ağıllı olması və onun kimi düşünə bilməmələri ilə əlaqələndirir. Hamısı uşaq ikən ədəbiyyat, incəsənət, elm deyil, rütbə dalınca gedirdilər və bu, onun hamısına nifrət etməsi üçün kifayət edirdi.
Hamıdan qaçıb kitablara sığınır. Oxuduğu kitablardan, personajlardan, heç vaxt gerçəkləşməyəcəyini bildiyi xəyallardan təsirlənir, sonra yuxuda belə görməkdən utanır. Düşündüyü və hiss etdiyi heç nəyi açıqlaya bilmir və bu onu daha da əsəbləşdirir. Ağlından, elmindən, məntiqindən, suallarından danışır, amma sonra bəzi etiraflar da edir. O, sivilizasiyanın insanlara təsirindən danışır və onun fikrincə, sivilizasiya yalnız insan duyğularının müxtəlifliyini artırıb.
Bir gecə kiçik bir meyxananın yanından keçərkən onların içəridə dava etdiklərini görüb kimisə pəncərədən bayıra atırlar. Qəribədir ki, o adamın yerində olmaq istəyir və davaya girmək üçün içəri girir. Amma heç nə edə bilmir və orada dayanır. Bu vaxt bayıra çıxmaq istəyən zabit onunla toqquşur. Bu, onun qürurunu incidir, lakin o, davaya başlamaq üçün özündə cəsarət tapa bilmir, ona görə də hirsini içində saxlayaraq sakitcə çıxıb gedir. Amma baş verən hadisəni və hisslərini heç vaxt unuda bilmir. Hər gecə qürurunu xilas etmək üçün planlar qurur. Zabitlə yenidən küçədə qarşılaşırlar və yenə yol verməli olan odur. Bu onu daha da qəzəbləndirir və o, illərdir həmin zabitə nifrətini davam etdirir. Və bir gün lazımi hazırlıqları görüb rəisindən borc alıb paltarını təzələdikdən sonra yenə zabitlə görüşürlər. Bu dəfə onlar qətiyyətlə hərəkət edirlər və yoldan çəkilib toqquşmurlar. Onun sözlərinə görə, indi qürurunu xilas edib.
Bəzən kiməsə ehtiyacı olur, dostlarının arasına girməyə çalışır. Təəssüf ki, həmişə məyusluqla nəticələnir. Çünki o, başqaları kimi olmağı bacarmır. Yenə kiməsə lazım olanda məktəb yoldaşları ilə görüşür və onların planlarına zorla qarışır. Amma işlər hələ də lazım olduğu kimi getmir. Bu, vida yeməyidir və burada iştirak etdiyinə peşman olmuşdur. Onların alçaldılmasına dözə bilmir, içməyə davam edir və sərxoş olduqdan sonra hər şeyi məhv edir. Dostları ilə olan xoşagəlməz söhbətlərdən sonra onu tərk edirlər və onun qüruru zədələnir. Öz intiqam planlarını qurur, onları həyata keçirməyə qərar verir və edə bilməyəcəyini bildiyi şeylər haqqında düşünür.
Mənbə: kitap.yazarokur.com
Tərcümə etdi: Fatimə Mustafayeva
