24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi klinik psixoloq Fuad Əsədovdur. 
-Gərgin rejimdə çalışan və ya oxuyan şəxslər psixoloji vəziyyətlərini necə nəzarətdə saxlaya bilərlər?
Birinci, gərgin gün rejimi deyəndə nəyin nəzərdə tutulduğunu bilmək lazımdır. Stress altında, böyük məsuliyyətlər götürərək, çox işləmək, heç istirahət edə bilməmək, və bunun günlərlə, həftələrlə, bəzən aylarla sürməsi vəziyyətində psixologiyamızı heç cür qoruya bilmərik. "Burn-out", yəni yanmaq dediyimiz bir sindroma yaxalanarıq. Artıq işdən, həyatdan, etdiyimiz heç bir işdən zövq almamağa və hər şeydən bezməyə, özümüzü pis və həvəssiz hiss etməyə başlayarıq. Bu sualı "iş şəraitində hər hansı bir stresslə qarşılaşdıqda nə edə bilərik ki, mümkün qədər az təsirlənək?" deyə qoya bilərik. İlk olaraq, bir şeyi unutmamaq lazımdır ki, əksər problemlərin həlli var. Həyatda həlli olmayan çox az problem var və bunların əksəriyyəti işlə bağlı deyil. Düşünək ki, problemlər həll olacaq. Bunun axırında ölüm, fəlakət olmayacaq. İnsanın bunu özünə xatırlatması lazımdır. Düşünməlidir ki, bunun bir sonu olacaq, necəsə bitəcək. Mümkün qədər, o stressi, gərginliyi hiss etdikdə, tələskənliyə, həyəcanına rəğmən insan özünə bir zaman ayırmalı, sakit durmalı, istirahət etməlidir. Bəlkə gözlərini yumub musiqi dinləyəcək, ya da kimləsə söhbət edəcək, bir filmə baxacaq. Bu, insanın zövqündən asılı olaraq dəyişir. Nəsə bir şey edib beynini açması lazımdır. Beynini açandan sonra bəlkə də bayaqdan həll edə bilmədiyi problemin həllini tapmış olacaq. Gündəlik həyatda elə etmək lazımdır ki, iş, şəxsi həyat, əyləncə balansı həmişə qorunsun. İnsan əyləndiyindən çox işləməməli, ya da işlədiyindən çox əylənməməlidir. Bu ikisi bərabər formada olarsa, gərgin bir rejimin gərginliyi də bizə çox təsir etməz.
Günel Məmmədova
