
24Media.az-ın budəfəki qonağı esseist, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoydur. O, modernizm və postmodernizm ilə bağlı suallarımızı cavablandırıb.
Ülvi bəy, modernizm və postmodernizm arasındakı əsas fərq nədir?
– XIX əsrin sonlarında ədəbiyyat, sənət və elm öz inkişaf yolunu dəyişdirir. Modernizm həyatın bütün sferalarında böyük paradiqma dəyişikliyi kimi üzə çıxır. XX əsrin əvvəllərində ədəbiyyatşünaslıqda belə bir dəyişikliyin adına modernist deyirlər. “Modernus” latın dilində indi, yeni başlayan deməkdir. Buna görə də deyə bilərik ki, hər bir dövr özündən əvvəlki mərhələyə nisbətən moderndir. XVIII əsrdə başlayan ictimai-siyasi, sosial-mədəni inkişaf fərdi düşüncəni aparıcı edir. Rasionalist düşüncə hər bir sahədə qabarıqdır. Modernizmdə ağıl və elm öz xaricindəki hər şeyi itələyir, öz qayda və təlimlərini əsas sayır. İnkarçı bir mövqedədir. Modernizm hər bir məlumat və biliyi sistemləşdirməyə can atır, öz doğrularının üstünlüyünü irəli sürür və buna uyğun iyerarxiya yaradır. Bu baxımdan ağıl və zəkanı əsas götürən Qərb düşüncə sisteminin zirvəsidir. Napoleon məşhur riyaziyyatçı-fizik Laplasın elmi tədiqatlarını oxuyandan sonra alimdən soruşur: Mən burada Allahı görmədim, hanı Allah? Alim: Mən belə bir teoremə ehtiyac hiss etmədim. Yəni modernizmdə gözlə görünən və əllə toxunulan bir dünya əsas idi.
Ədəbiyyatda Kafka, Prust, Brox, Coys və başqaları rasional, marksist və faşist metatəhkiyələrlə çıxış edirlər. Səbəb-nəticə əlaqəli ədəbiyyat və sənət estetikası lağa qoyulur...
XX əsrdə iki dünya müharibəsinin olması, alman və italyan faşizmi, yəhudi qırğınları modernizmin özünü doğrultmadığını sübut edir. İrvinq Hov və Harri Levinin modernizmin tükənişinə “yas tutmaları” termin olaraq postmodernizm kəlmə və ifadəsini ortaya çıxarır. Modernizm sonrası bir dövr başlayır: postmodernizm. Postmodernizm yalnız bir cərəyan deyil, o həm də dövrün ruhu, vəziyyətidir. Modernizm inkar edirdisə, postmodernizm inkarı inkar edir. Mütləq həqiqət tezisinə qarşıdır. Vahid bir düşüncə, konsepsiya və ideyanı müdafiə edən modernizmdən fərqli olaraq çoxsəsli və çoxqatlıdır. Demək olar ki, ən liberal, pluralist cərəyandır.
Postmodernizm termininin əvvəlcə memarlıqda, sonra rəqs, teatr, rəsm, kino və musiqidə istifadə edilməsi sosial təsir gücünü artırır. Şəhər mədəniyyəti, sənayeləşmə, istehlak cəmiyyəti Liotarın “postmodern vəziyyət” tezisini doğurur. Sosioloq Conatan Raban şəhərləşmə və postmodern sosial funksiyanın səbəblərini izah edir. İstehlak cəmiyyəti yeni bir forma və məzmunda yaranır. Əvvəllər insanların özlərinin əkib-becərdiyi məhsullar marketlərdə paketlənmiş halda qarşılarına çıxır. İstehsal deyil, istehlak, istifadə, tükətmək aparıcıdır. Postmodern epoxada bu cür hallar normaldır. “High tech” (yüksək texnologiya) cəmiyyəti yaranır. İnternet və mobil telefonun kəşfi, kredit kartlarının kütləvi hal alması, göydələnlərin meqapolislərdə ucalıq yarışına girməsi yeni şəhər tipini və mədəniyyətini yaradır. Raban bu vəziyyəti “Soft City” (yumşaq şəhər) anlayışı ilə ifadə edir. Mənə elə gəlir ki, şəhərdə yaşamaq bir sənətdir. Şəhər həyatının davamlı olan yaradıcı oyununda insan ilə maddə arasındakı xüsusi münasibəti ifadə etmək üçün sənətin, ədəbiyyatın sözünə ehtiyac var. Postmodernizm Amerikan mənbələri əsasında mədəni bir silkələmə kimi Frankfurt və Paris yolu ilə Avropaya köç edir. Fransada Kristeva və Liotar, Almaniyada Habermas bu anlayışı şərh edirlər. Amerikan tənqidçilər postmodernizmi bir oyuna bənzədirlər və bu oyunda hər bir avanqard anlayışın ədəbiyyat və sənətdəki avanqardla oxşar cəhətlər ifadə etdiyini irəli sürürlər. Beləliklə, mədəniyyət və yumşaq şəhərdə əyləncəli, oyunbaz bir mətn və sənət qavramının yaranması üçün təbii şərait formalaşır.
1960-cı illərdə populyar, kütləvi mədəniyyətin təsir dairəsi genişlənir. Modernizmin elitar, seçilmiş, xüsusi musiqilərinin yerini kütləvi, bar musiqiləri aldı. Robert Venturi, Denis Skot Braun və Stiven İzenorun həmmüəllifi olduqları “Las Veqas üçün təlim” kitabı əyləncəli, kütləvi sənət və ədəbiyyata meyilin mahiyyətini şərh edir. Hegel, Martin Haydiqqer, Fridrix Nitsşe və Jorj Batayın fəlsəfə və sosiologiyaya dair təlimləri həm də modernlik və postmodernlik barədə proqnozlar kimi irəli sürülür. Hegel, Haydiqqer və Nitsşenin sənət və estetika ilə bağlı fikirləri qəliz və qeyri-real anlayışları təlqin edir. Ruhun sərhədsizliyi və ağılın totallığı sənət və estetikada dəyişikliklər yaradır. Yəni ruh nə qədər sərhədsiz və qəliz, ağıl nə qədər total olsa da, sənətin mifik yaddaşı və diaxronallığı ona elastik bir şərait yaradır.
Amerikan ədəbiyyat tənqidçiləri Lesli Fidler və İxab Xassanın postmodernizm və postmodern ədəbiyyatla bağlı fərqli fikirləri maraq doğurur. Fidlerin “Cross the Border, Close the Gap” (Sərhədləri keçin, xəndəkləri doldurun) tendensiyası postmodern ədəbiyyatın fundamental nəzəri əsasını təşkil edir. Postmodern ədəbiyyatda yazıçı hər cür klişe və sərhədləri keçə bildiyi üçün eyni bir düşüncəyə, estetik ideala xidmət edən mətnlər azalmağa başlayır. Fidlerin nəzəri fikirləri ədəbiyyatda praktiki mahiyyət kəsb edir. Elastik bir sənət anlayışı üstünlük təşkil etməyə başlayır. Əyləncəli, kütləvi ədəbiyyatla elitar, ciddi ədəbiyyat ortaq bir məxrəcdə birləşməlidir. Sərhədləri keçib, xəndəkləri doldurmaq” istəyən “Fidler kütləviliyi mötəbər anlayış kimi qəbul edib elitarlığa əhəmiyyət vermir. Çünki aradakı sərhədləri tarazlamaq istəyir. Sosial funksiyanın postmodern konsepsiyası tam olaraq Lesli Fidlerin manifestində anlaşılır. Oyun estetikası və əyləncəli ədəbiyyatın sosial funksiyası postmodern konsepsiya əsasında formalaşır. Beləliklə, postmodernizm modernizm və modernliyə və onların ictimai, siyasi, etik və estetik uğursuzluqlarına qarşı əsaslı bir reaksiyadır.
Umberto Ekonun “Təhkiyə meşələrində 6 səyahəti” də Fidlerin görüşləri ilə üst-üstə düşür. Aleksandr Düma və Ceyms Coys romanları arasında təhlillər aparan Eko üstünlüyü nə əyləncəli, nə də ciddi nəsrə verir. Dümanın əyləncəli romanları heç də Coysun elitar, ciddi nəsrindən geri qalmır. Həmçinin Coysun şüur axınları ilə zəngin modernist, postmodernist nəsri oxucunu, ensiklopedik, sirli, şifrəli məlumatlarla əyləndirməyi bacarır. “Uliss” romanı postmodern hadisə olmasa da, modernizmin qürub, postmodernizm doğuşu arasında bir mərhələni tamamlayır. Modernlik və postmodernliyin qovşağından yaranan bir roman deyə bilərik. Coysda modernizm də, postmodernizm də fəlsəfi xarakter daşıyır. A.Toynbi, J.Habermas, D.Bell, J.Lakan, J.Derrida, M.Fuko və U.Eko kimi fikir adamlarının nəzəri-fəlsəfi, bədii-estetik postmodernizm yozumları Coysun ədəbi-fəlsəfi görüşləri ilə yaxınlıq təşkil edir. Ancaq “fəlsəfi postmodernizm paradoksal, bəzi məqamlarda isə ziddiyyətlidir. O, elmi metodun bir sıra köklü prinsiplərindən imtina edir. Bunların sırasına səbəb-nəticə, rasionallıq, tarixilik və s. daxildir. Postmodernizmin elmlə ziddiyyətli məqamları təbiidir.
Ədəbiyyatda posmodernist ruhun ən yaxşı nümunələrini ingilis dilində Samuel Bekket, Donald Bartelm, Tomas Pinçon, Don Delillo, Uilyam Berrouz, Con Faulz, alman dilində Piter Xandke, italyan dilində İtalo Kalvino, ispan dilində Xorxe Luis Borxes, Xulio Kortasar, Karlos Fuentes, Azərbaycan dilində Kamal Abdulla, Həmid Herisçi, Şərif Ağayar, Mübariz Örən, İlqar Fəhmi, Nərmin Kamal, Mirmehdi Ağaoğlu, Qan Turalı kimi yazıçıların mətnləridir. Lakin onu da qeyd etməliyik ki, bu razılıq onların qüsursuz təhkiyə metodlarını kəşf etmələrinə dəlalət etmir.
Azərbaycanda postmodernizm cərəyanının inkişafı hansı səviyyədədir?
– Hər bir ədəbi cərəyan yarandığı dövrə reaksiyadır. Azərbaycanda ədəbi cərəyanlar tarixən sistemli şəkildə formalaşmayıb. Müəyyən təsir dalğaları nəzərə çarpmışdır. Azərbaycanda postmodernizmə nəsə xüsusi, “matah” bir şey kimi baxılmışdır. Xüsusən, gənclər böyük maraq göstərmişlər. Halbuki bizdə postmodernizmin fəlsəfəsi, məzmunu, mahiyyətindən çox, onun forma oyunları, struktural cəhətləri bədii mətnlərə tətbiq edilmişdir. Bunun əsas səbəblərindən biri dünyada postmodernizm cərəyanına maraq azalarkən və metamodernizm, postnormallıq, “post-truth” kimi məsələlər haqqında müzakirələr aparılarkən (Təxminən 2000-ci illərin əvvəllərindən etibarən) Azərbaycanda postmodern əsərlər yazılmağa başlanmışdır. Yenə də maraq doğuran mətnlər yazılmışdır və adlarını çəkdiyim və çəkmədiyim yazıçılara təşəkkür düşür.
Artıq deyə bilərik ki, dünyada postmodernizmlə bağlı müzakirələr sona çatmışdır. Postnormal zamanlarda yaşayırıq, yəni normal olmayan zamanlarda. Hətta post-truth – həqiqətsonrası çağdayıq. Yaşadığımız həyat bir illüziyadırmı? Medianın reallığı və həyat gerçəkliyi bir-birinə qarışıb. Virtual reallıq da bonusdur. Belə bir dövr Dekartın fikirlərini də baş-ayaq edir:
Klassik: Düşünürəmsə, deməli, varam.
Modern: İrəliləyə bilirəmsə, deməli, varam.
Postmodern: Alış-veriş edirəmsə, deməli, varam.
Postnormal: Paylaşım edirəmsə, deməli, varam"
Həvva Cəbrayılova
