Bu gün:

Çətin inkişaf mərhələsi: yeniyetməlik dövrü


Valideyn olmaq çox gözəl duyğudur. Amma əsl valideynlik məsuliyyəti övladı dünyaya gətirəndən sonra başlayır. Ən önəmli nüans övladanızın  ailədən sevgi görməsi və onun hüzurlu hiss etməsidir.


Əgər “səndən nifrət edirəm”, “həyatıma qarışa bilməzsən” ifadələrini övladınızdan tez-tez eşitməyə başlamısınızsa, əgər o, əvvəllər sizə hər şeyi danışırdısa, artıq qəfildən otağına qapanır, hətta qapısını bağlayırsa, bu o deməkdir ki, övladınız yeniyetməlik dövrünə qədəm qoyub. 

İnsanlar doğuşdan ölümə qədər körpəlik, uşaqlıq, yeniyetməlik, yetkinlik və qocalıq kimi özünəməxsus xüsusiyyətləri ilə inkişaf mərhələlərini keçirlər. Bu inkişaf dövrlərindən yeniyetməlik, uşaqlıqdan sonrakı və yetkinlikdən əvvəlki dövrü təsvir etmək olduqca çətindir. Yeniyetmələr uşaqlıq mərhələsini keçən və yetkinlik yaşına çatmamış fərdlərdir. Bu dövrdə yeniyetmələr fiziki, əqli və sosial dəyişikliklər keçirirlər: onların boyu uzanır, üzlərində sızanaqlar görünməyə başlayır, səsləri dəyişir, emosiyalarını idarə etməkdə çətinlik çəkməyə başlayırlar və dostluğa olan dəyərləri artır. Bütün bu dəyişikliklərə uyğunlaşmağa çalışarkən yaşadıqları emosional dəyişiklikləri də anlamağa çalışırlar. Bu vəziyyət müəyyən mənada olduqca mürəkkəb və narahatedici bir proses kimi qiymətləndirilə bilər. Bu dövr yeniyetmələr üçün inkişafın ən mühüm mərhələlərindən biri olsa da, yaşadıqları emosional dəyişikliklər valideynləri ilə münasibətlərinə mənfi təsir göstərir. Bu dövrdə valideynlər çox vaxt övladlarında baş verən dəyişiklikləri anlamaqda çətinlik çəkirlər və bu dəyişikliklər qarşısında güclü qəzəb və narahatlıq hiss edə bilərlər. Bu vəziyyət ailədəki əmin-amanlığa mənfi təsir göstərə, ailədaxili ünsiyyəti poza bilər. 

Yeniyetmələrin beyni sosial vəziyyətlərə qarşı son dərəcə həssasdır. Yeniyetməlik dövründən başqa fərdlər digər mərhələlərdə ünsiyyət və sosiallaşma ilə bağlı narahatlıq keçirmirlər. Bu baxımdan valideynlər övladlarının zehninin bu dövrdə çox fərqli işlədiyini nəzərə almalı və onlara həssas yanaşmalıdırlar. Məlumdur ki, sosial təcrid fiziki yara kimi ağrı verir. Bu kontekstdə valideynlər övladlarının qayğılarını kiçik görməməli, əksinə ciddi qəbul etməli, onlara yol göstərməlidirlər. Yeniyetmələrin ən çox ehtiyac duyduğu ona olan valideynlərin sevgisidir. Övladınızla nə qədər çox vaxt keçirsəniz, nə qədər xoş xatirələriniz olarsa, nə qədər çox gülsəniz və əylənsəniz, bu çətin dövrü bir o qədər sağlam və rahat keçirəcəksiniz. Ünsiyyəti artırmaq üçün övladınızla vaxt keçirə biləcəyiniz xüsusi vaxtlar yarada bilərsiniz.

Unutmayın, övladınızı sağlam böyüdən şey ona hiss etdirdiyiniz sevginizdir.

Mənbə: hayat

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et