
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki qonağı nefroloq Natiq Məsimovdur. O, böyrək çatışmazlığı haqqında məlumat verib.
-Azərbaycan xəstəxanalarında xroniki böyrək çatışmazlığı ilə mübarizə necə aparılır?
Xroniki böyrək çatışmazlığı xəstəliyi son zamalar Azərbaycanda sürətlə artmaqdadır. Bunun əsas səbəblərindən biri xəstəliyin yaranmasına təkan verən digər xəstəliklərin (şəkərli diabet, hipertoniya, ateroskleroz) və bu xəstələrin nefroloqa gec müraciət etməsidir. Xəstəlik xroniki olduğu üçün beş mərhələdən ibarətdir. Son mərhələ artıq dializ mərhələsidir. Yəni xəstə böyrək əvəzedici müalicə almalıdır. Azərbaycanda bununla bağlı əsas müalicə növü hemodializdir. Bundan başqa, bütün dünyada periton dializi və böyrək transplantasiyası həyata keçirilir. Azərbaycanda da böyrək transplantasiyası həyata keçirilir, hətta ilin sonuna qədər bu prosesin sığorta ilə qarşılanacağı haqqında məlumatlar var. Digər 4 mərhələ isə konservativ müalicə olunur. Sadəcə olaraq, buradakı müalicənin əsas məqsədi böyrək transplantasiyasının bir müddət qarşısını alır. Tam müalicəsi, əlbəttə ki, yoxdur. Düzdür, bu xəstəliklərlə, əsasən, nefroloqlar məşğul olur, amma nefroloqa çox gec müraciət olunduğu üçün xəstəlik sürətlə proqressivləşir. Əlavə olaraq, onu da qeyd edim ki, Bakıda və bir çox rayon xəstəxanalarında hemodializ mərkəzləri var və bu mərkəzlər hər il daha da təkmilləşir.
Lalə Mənəfova
