
24media.az-ın "1 sual və 1 cavab" rubrikasının budəfəki qonağı memar Gülnar Əliyevadır. O, Azərbaycanda memarlıq sahəsindəki təhsildən danışıb.
-Qarşıdan yeni tədris ili gəlir, yəni birinci kursa memarlığa marağı olan gənclər başlayacaq. Bu gənclərə bu sahəni düzgün öyrətmək üçün tədris prosesində nəyi dəyişsələr və nələr əlavə edilsə, daha yaxşı olar?
Memarlıq sahəsi öyrədilə bilinəcək bir sahə deyil. Müəllimlər bu sahədə faktiki olaraq bilgini öyrətməkdən daha çox fənd və texnikanı öyrədə bilərlər. Öyrədilən fəndlərin mütəmadi istifadəsi isə tələbədən aslıdır. Yəni tələbə öyrəndiyi fənd və metodları tətbiq edərək, dəfələrlə təcrübə edərək memari gözünü inkişaf etdirə bilər.
Mənim bu sahədə tələbələrdə görmək isdədiyim şey onların müşahidə qabiliyyətinin formalaşmasıdır. Çünki bir memarın işlədiyi hər hansısa bir layihədə ən vacib amil mühitin, ətrafın, orada yaşayan əhalinin analiz, müşahidə olunmasıdır. Yəni tələbələrimiz düşünmə, müşahidə qabiliyyətini inkişaf etdirməlidir.
Əsas vacib şərtlərdən də biri ehtiyac planının tərtibidir. Düşünürəm ki, bu amil 1-ci tədris ilində öyrədilməlidir. Ehtiyac planı isə proqramlı işləmə metodudur. Yəni bu işdə nələrə ehtiyac varsa, onlar təmin olunmalıdır. Başqa bir amil isə memarın təhsilinin güclü olmasıdır. Yerli memarlıq ünsürlərinin tipologiyasının öyrənilməsi, şəhər mühitinin öyrənilməsi vacibdir. Memarlar, əsasən, layihəyə görə kiçik eskiz dəftərləri ilə piyada gəzərək küçələri, tikililəri müşahidə edirlər. Mən çox zaman bu ifadəni dilə gətirirəm ki, memarlıq sahəsində çox gəzən, çox görən və sonda da çox oxuyan bilir. Çünki memarlar gəzib gördükcə müşahidə edir, vizual yaddaşları, yaddaşlarının plastikası formalaşır. Bunlar isə memarlıqda ən əhəmiyyətli amillərdəndir. Yaxşı memarların yetişməsi üçün Bakıda, qoruqlarda, tarixi şəhərlərimizdə ekskursiyalar vacibdir. Bu ekskursiayalar ilə şəhər və dəniz vəhdətini, təbiət mühitinin analizini rahat həyata keçirə bilərlər. Əsasən, memarlıq sahəsində ilk tədris ilində tələbələr proqramları öyrənməyə özlərini yönəldirlər. "Pinterest"-dəki,"İnstagram"-dakı şəkillər onları aldadır. Adətən fikirləşirlər ki, oradakı vizualizasiyaları yerinə yetirsələr, onlar çox yaxşı memar olacaqlar. Lakin bu tamamilə səhvdir. Vizualizator adlı məslək var və belə məsələlərdə onlar fəaliyyət göstərirlər. Vizualizator təhsilini isə peşə məktəblərində alırlar. Memarlıq sahəsində olan tələbələr isə materialları, həndəsəni, ətraf-mühiti, iqtisadi və coğrafi şərtləri öyrənməlidir. Materialların istifadəsini və xırdalıqlarını birinci tədris ilindən öyrənmələri daha yaxşıdır. Bu sahədə qrup şəklində işləmə vacibdir. Qrupa mühəndis, tarixçi, arxeoloq cəlb olunur. Buna görə də bu sahədə olan tələbələrin öz qrup yoldaşlarıyla işləməsi yaxşı olar. Tələbələrə məsləhətim isə odur ki, internetdəki böyük layihələrə baxıb ruhdan düşməsinlər. Oradakı nümunələri bir ilham mənbəyi olaraq görsünlər.
Lamiyə Cənnətzadə
