Bu gün ən çox rast gəlinən sağlamlıq problemlərindən birinə çevrilən göz yorğunluğu sizin də başınıza gəlibsə və ya sevdiyiniz, tanıdığınız biri bu problemlə tez-tez qarşılaşırsa, göz yorğunluğuna nəyin yaxşı təsir etməsi haqqında məlumatlı olmaq vacibdir.
Təbii ki, prioritetiniz ağrı, yanma, quruluq, qaşınma, sancma, sulanma, qızartı kimi əlamətlərlə özünü göstərməyə başlayan göz quruluğu problemi ilə qarşılaşan kimi həkimə müraciət edib onun tövsiyələrinə əməl etməlisiniz. Unutmayın ki, aşağıdakı təbii üsullar yalnız həkiminiz sizə uyğun görüb tövsiyə edərsə, tətbiq edə biləcəyiniz üsullar ola bilər.
Göz yorğunluğu üçün təbii və təsirli həllər:
Qara çay;
Xiyar;
Soyuq su;
Çobanyastığı çayı;
Kartof;
Süd;
Göz məşqləri.
Göz yorğunluğu necə müalicə olunur?
Göz yorğunluğuna yaxşı gələn təbii məmulatları və yolları sadaladıq, lakin təbii ki, bu üsulların necə tətbiq edilməli olduğunu da açıqlayacağıq.

Qara çay
Qara çay göz yorğunluğu üçün ən çox istifadə olunan məmulatlardan biridir. Üstəlik, onu tətbiq etmək çox sadədir. 2 çay paketi şəklində qara çay dəmləyin və kənara qoyun. Soyuduqdan sonra qurumağa qoymadan birbaşa gözünüzün üstünə qoyun və bir müddət gözləyin. Göz ətrafınızın nəmləndiyini və gözlərinizin dincəlməyə başladığını görəcəksiniz.

Xiyar
Göz sağlamlığı üçün ən çox faydalı olan təbii məlumatlardan biri olan xiyar bu problemdə sizinlədir. Xiyarı iki dilim kəsib gözünüzün üstünə qoyub ən azı 10-15 dəqiqə saxlayın, gözünüz dincəlsin. Xiyar göz ətrafındakı nəm balansına da təsir edəcəyi üçün göz yorğunluğunun qısa müddətdə keçməsini təmin edəcək.
Soyuq su
Soyuq su göz ətrafındakı qan dövranına təsir edərək sizi qısa müddətdə yorğunluqdan xilas edə bilər. Necə tətbiq olunacağını soruşsanız, təmiz bir parça və ya pambığı soyuq suya batırıb-çıxarıb, artıq suyunu sıxıb gözünüzə çəkib, isinməsini gözləyə bilərsiniz. Bu üsul sizə çətin gəlirsə, gün ərzində göz yorğunluğunu hiss etdiyiniz zaman üzünüzü soyuq su ilə yumağa da cəhd edə bilərsiniz.
Çobanyastığı çayı
Göz yorğunluğunun ən təsirli üsullarından biri olan çobanyastığı çayından iki fərqli şəkildə istifadə edə bilərsiniz. Yuxusuzluq və əzələ gərginliyi səbəbindən göz yorğunluğundan əziyyət çəkirsinizsə, çobanyastığı çayını dəmləyib zövqlə içə bilərsiniz. Beləliklə, dinc, stressiz yuxuya sahib ola və ertəsi gün göz yorğunluğundan xilas ola bilərsiniz. Birbaşa göz ətrafına sürtmək istəyirsinizsə, çobanyastığı çayını çay paketləri şəklində tədarük edib dəmləyə və çay soyuduqdan sonra gözünüzə çəkib gözləyə bilərsiniz.
Kartof
Bildiyiniz kimi, kartof yorğunluqdan tutmuş göz altındakı qara dairələrə qədər göz sağlamlığına gəldikdə tez-tez istifadə olunan məmulatlardan biridir. Nə etməli olduğunuz da olduqca sadədir. Kartofun qabığını soyun, iki dilim kəsin və qaralmağına imkan vermədən bu dilimləri tez gözlərinizin üstünə qoyun.
Süd
Gözləri nəm tutmağın başqa bir üsulu isə soyuq süddür. Pambığın üzərinə soyuq süd damcıladın və pambığı isinmədən gözlərinizin üstünə qoyun, bu pambığı zərif hərəkətlərlə göz ətrafında masaj edin. Gözlərinizin rahatlaşdığını görəcəksiniz.
Göz məşqləri
Təbii ki, göz yorğunluğu olan hər kəsin, xüsusən də, daim kompüter arxasında işləyənlərin yerinə yetirməli olduğu xüsusi məşqlər də var. Bu məşqlərdən hansının sizə daha uyğun olduğunu öyrənmək üçün mütləq oftalmoloqunuzdan məsləhət almalı və onun gözlərinizə uyğun gördüyü məşqləri tətbiq etməlisiniz.
Məsələn, kompüterdə uzun müddət işləyənlər üçün tövsiyə olunan məşq 20-20-20 üsuludur. Bu üsul üçün hər 20 dəqiqədən bir kompüterdən qalxmaq, sizdən 20 metr uzaqda olan obyektə 20 saniyə baxmaq və diqqəti cəmləmək kifayətdir. Gün ərzində bu və buna bənzər bir çox göz məşqləri etməklə göz əzələlərinizi gücləndirə və özünüzü görmə yorğunluğundan qoruya bilərsiniz.

Göz yorğunluğuna nə səbəb olur?
Əslində yorğun gözlərimizin televizor ekranından kompüterə qədər müxtəlif səbəblərdən sulanmasına, qaşınmasına və ağrımasına səbəb olan bir çox faktorlar var. Bu amillərdən mümkün olduğu qədər uzaq durmaqla göz sağlamlığınızı qoruya və göz yorğunluğu ilə qarşılaşma riskinizi minimuma endirə bilərsiniz. Göz yorğunluğuna səbəb olan halların nə olduğunu desəniz, onları dərhal sadalayaq:
1. Elektron ekranlara uzun müddət məruz qalma (məsələn, televizor, kompüter, planşet, telefon);
2. Elektron ekranlara düzgün məsafədən baxmamaq;
3. Görməni asanlaşdırmaq üçün ekran parlaqlığının tənzimlənməsi (Həddindən artıq parlaq ekrandan istifadə etməklə);
4. Yanlış işıqlandırma istifadə edilməsi;
5. Uzun müddət günəşə baxmaq;
6. Yuxusuzluq;
7. Fasiləsiz, uzun müddət oxumaq;
8. Əzələ gərginliyi;
9. Balanssız və qeyri-sağlam pəhriz;
10. Az su içmək.
Mənbə: Yemek.com
Tərcümə etdi: Nuran Əhmədzadə
