Bu gün:

Ağaclar şəhərlərin istiliyinə necə təsir edir?


Yüksək şəhərləşmiş ərazilərin orta temperaturu ətraf kənd yerlərindən 1 °C ilə 3 °C arasında yüksəkdir. Gecələr bu fərq 12 °C-ə çata bilər. İlk dəfə 1818-ci ildə ingilis alimi Luke Howard tərəfindən qeydə alınan bu fenomen istilik adası adlanır.

Günəşdən Yerə çatan radiasiya enerjisinin bir hissəsi atmosfer tərəfindən udulur, bir hissəsi atmosfer tərəfindən birbaşa kosmosa əks olunur, qalan hissəsi isə yer səthi tərəfindən udulur. Yer səthi radiasiya və buxarlanma ilə istilik itirir. Onun qəbul etdiyi enerji ilə verdiyi enerji arasındakı tarazlıq Yerin enerji “büdcəsini” yaradır.

Şəhərlərdə orta temperaturun kənd yerlərindən daha yüksək olmasının əsas səbəbinin şəhərlərdə buxarlanma ilə soyumanın azalması olduğu düşünülür. Ağaclar və digər bitkilər yaratdıqları kölgə effekti ilə soyutma prosesinə, həmçinin buxarlanma ilə soyumağa kömək edir.

Məsələn, kölgədə olan obyektin temperaturu eyni şəraitdə birbaşa günəş işığına məruz qaldığından 11 °C ilə 25 °C arasında aşağı ola bilər. Ağacların və digər bitkilərin yarpaqları və budaqları yay aylarında Günəşdən gələn enerjinin yalnız 10%-30%-nin aşağı hissələrə keçməsinə imkan verir. Bu təsir ağacların altındakı obyektlərin daha az günəş işığını qəbul etməsinə və temperaturlarını daha az yüksəltməsinə səbəb olur.

Ağaclar və digər bitkilər də buxarlanma yolu ilə soyumağa kömək edir. Fotosintez yolu ilə suyu və karbon qazını qidaya çevirən bitkilər kökləri ilə torpaqdan suyu götürürlər. Torpaqdan aldıqları suyun bir hissəsini yarpaq və gövdələri vasitəsilə tərləmə və damlama yolu ilə verirlər. Suyun maye halından qaz halına keçməsi, yəni buxarlanması üçün su kənardan istilik almalıdır. Buna görə də, buxarlanma havanın temperaturunu azaltmağa kömək edir. Torpaqdakı nəmlik də buxarlanma yolu ilə soyumağa kömək edir.

Tədqiqatlar göstərir ki, buxarlanma və kölgə effekti yayda havanın temperaturunun 1 °C ilə 5 °C arasında azalmasına səbəb ola bilər.

Şəhərlərdəki binalar və digər qeyri-təbii tikililər, materiallar Günəş şüalarını bitki örtüyü və torpaqdan daha çox udur. Bu materiallarda yığılan enerji gecə geri buraxılır. Gecələr şəhər və kənd yerləri arasında temperatur fərqinin daha çox olmasının səbəblərindən biri də budur. Bundan əlavə, şəhərlərdə insan fəaliyyəti nəticəsində ayrılan yüksək istilik miqdarı şəhərlərdə enerji mübadiləsi balansının kənd yerlərindən fərqli olmasına səbəb olur. Binaların tikintisi zamanı istifadə olunan materialların növü, binaların və küçələrin forması və insanların yaratdığı fəaliyyətlər şəhərlərdə enerji mübadiləsinə təsir göstərir.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et