Bu gün:

Sağlam psixologiya üçün nə etmək lazımdır?


Psixologiyamızı düzəltmək və sağlam psixologiyaya sahib olmaq üçün etməli olduğumuz bəzi şeylər var.

Psixi pozğunluqlar fiziki xəstəliklər qədər vacibdir. Dünyada 450 milyon insan psixi xəstəliklərdən əziyyət çəkir. Bu gün psixi xəstəliklə qarşılaşma ehtimalı 30% təşkil edir. Bu onu göstərir ki, hər dörd nəfərdən biri həyatı boyu psixi xəstəlik keçirir. Dr. Nehir Kürklü psixi sağlamlığın əhəmiyyəti haqqında məlumat verib.

Psixi sağlamlıq üçün balans vacibdir 

Yaşadığı mühit və cəmiyyətlə münasibətləri insanın sosial tərəfini təşkil edir. Fərd həyatını ailəsi, yaxın ətrafı, yaşadığı cəmiyyət və işlədiyi iş ilə sıx qarşılıqlı əlaqədə davam etdirir. Bu münasibətlərlə bağlı qarşılıqlı əlaqə prosesində tarazlıq, harmoniya və məmnunluq varsa, fərd psixi cəhətdən sağlam hesab olunur.

Əgər özünüzü yorğun hiss edirsinizsə...

Psixi pozğunluqlar insanın biopsixososial strukturunu pozur. İnsanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Funksionallığı və gün ərzində fəaliyyətini azaldır. Psixi sağlamlığı pisləşən adam işdə diqqətini toplamaqda çətinlik çəkməyə başlayır. Diqqətini cəmləyə bilmir, zaman keçdikcə dözümlülüyü azalır və şəxsiyyətlərarası münasibətləri korlanmağa başlayır. Yuxu keyfiyyəti zəif olan insanlar yuxuya getməkdə və səhər oyanmaqda çətinlik çəkirlər. Zamanla insanda tükənmişlik əlamətləri meydana çıxır. Zəiflik, gün ərzində yorğunluq hissi, unutqanlıq, enerjinin aşağı düşməsi, həyatdan əvvəlki kimi həzz ala bilməmək, dəyərsizlik düşüncələri, təşviş və narahatlıq müşahidə edilə bilir.

Fiziki sağlamlığınıza təsir edir

Bəzi fiziki əlamətlər psixi problemləri olan insanlarda da baş verə bilər. Bunlara baş ağrıları, həzm sisteminin pozğunluqları, allergiya, geniş bədən ağrıları, cinsi disfunksiya, ürək döyüntüsü, tənəffüs çətinliyi aiddir. Psixiatrik əlamətlər yaşayan insanlar bu vəziyyəti müvəqqəti bir problem olaraq görüb özbaşına aradan qaldırmağa çalışa bilərlər. Bu, müalicə prosesini daha da çətinləşdirə bilər.

Bir mütəxəssislə məsləhətləşmədən dərman istifadə etməyin!

Psixoloji vəziyyətində özünü çarəsiz hiss edənlər bu vəziyyəti spirt və ya narkotik istifadə edərək keçirmək istəyə bilərlər. Bu yalançı rifah yanaşmaları vəziyyəti daha da pisləşdirir. Mütəxəssis məsləhəti olmadan istifadə edilən dərmanlar indiki vəziyyətdə təsirli olmayacaq. Psixiatrik pozğunluqlar fiziki xəstəliklərə olan eyni qayğı ilə müalicə edilməlidir. Özündə və ya ətrafındakı insanlarda bəzi əlamətlər görən şəxs bu barədə diqqətli olmalı və ən qısa zamanda mütəxəssisə müraciət etməlidir. Psixoloji dəstək alma prosesi nə qədər tez olarsa, funksiyaların itirilməsi, pozğunluğun irəliləməsi və riskli davranışların qarşısı alınar. Bu halda insanın sosial rolunu bərpa etməsi daha asan olur.

Sağlam psixologiya üçün tövsiyələr:

Həyat tərzinizin nizamlı olduğundan əmin olun.

Daimi gəzinti, üzgüçülük və ya digər idman fəaliyyətləri ilə məşğul olun.

Həftənin bir gününü zövq aldığınız işə sərf edin.

Gündə ən az 7-8 saat yatdığınızdan əmin olun.

Ağır spirt qəbul etməkdən çəkinin.

Yüngül qidalar yeməyə və sağlam qidalanmağa diqqət edin.

Uzun müddət ac qalmayın.

Sosial media və internetdən istifadəni məhdudlaşdırın.

Hər gün ən azı yarım saat kitab, qəzet oxuyun və telefon danışıqlarını mümkün qədər azaldın.

Gün ərzində həzin musiqi dinləyin və istirahət üçün məşqlər edin.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş