Bu gün:

"Tatu edən insanlar cəmiyyətin bir qisminin ağlında tabulara çevrilib" - Müsahibə


Nuray Qurbanova həvəskar tatu artistidir. O, bu işlə 17 yaşından məşğul olmağa başlayıb. İndi onun 20 yaşı var. Nuray bu sənətlə məşğul olma tarixçəsini bizimlə bölüşür.



Nuray, bu işlə məşğul olmağa nə vaxt, necə başladınız? Sizi buna təşviq edən xüsusi məqam olub?

“7-8-ci sinifdə oxuyanda atam məni ruhlandırırdı ki, tatu artisti olum. Bu işlə məşğul olmağımı çox istəyirdi. Universitetə qəbul olandan sonra bir neçə ayın stipendiyasını yığıb özümə avadanlıqlar aldım. Sonra müəllim tapıb işi öyrənməyə başladım”.

Addım at, sonrası gələr deyirlər. Addım atandan sonra gerisi necə oldu? Hansı çətinliklərlə qarşılaşdınız?

“Yeni başlayanda hamı məndən havayı tatu vurmağımı istəyirdi. Avadanlıqlara xeyli pulum çıxmışdı, havayı işləmək sərf etmirdi, bu məsələ məni yorurdu, ruhdan salırdı. İlk vaxtlar qiymət deməyə çəkinirdim, işləməyə də yer tapmırdım. Müştəriləri gərək evdə qarşılayaydım, onu da həmişə etmək olmurdu.
Qadın tatu artistlərin müştəriləri çox olur. Qəribə də görünsə, çətinliklərimdən biri də bu olub. Oğlanlar bundan yaxınlaşmaq metodu kimi istifadə edirlər. Bu cür hallar məni çox narahat edirdi”.


İşin qazancı çətinlikləri ilə müqayisədə necədir? Mənfi-müsbət tərəfləri hansılardır?


“Tatu sənətində qazanc var, düzdür, amma Azərbaycanda inkişaf etməyib. Məsələn Türkiyədə tatu məktəbləri var, bizdə isə müəllim güclə tapılır. Həm də çox az sayda yaxşı tatu artistləri var. Onların çoxu da xarici ölkələrə gedib. Həm də ətrafdan qınaq var. Mən bu işə ilk başlayanda çoxuna qəribə gəlirdi. Bizim ölkədə tatuya yanaşma birmənalı deyil. Qızlarda tatu daha çox qınağa səbəb olur. Ona görə müştərilərimin bir çoxu tatunu görünməyən yerlərinə vurdururlar”.


Azərbaycanda tatuya yanaşmanın birmənalı olmadığını vurğulayırsınız. Sizcə, buna səbəb nədir?


“Cəmiyyət yeniliklərə açıq deyil, bəzi şeyləri qəbullanmaqdə çətinlik çəkir. Tatu edən insanlar cəmiyyətin bir qisminin ağlında hətta tabulara çevrilib. Soruşsanız, artıq bir çoxu niyə tatunu sevmədiklərini açıqlaya bilməyəcək, bəlkə də. Ola bilsin, bəzi tatuların kobud, qeyri-estetik görkəminin də bu düşüncələrdə rolu olsun”.


Bir çoxları tatunu xəstəlik mənbəyi hesab edir. Bu məsələ hansı situasiyalara aid edilə bilər? Ümumiyyətlə, bu vaxta qədər bu tip həssas məqamlarla qarşılaşmısınız?


“Tatu vurulanda infeksiyalara yoluxma halları ola bilər, doğrudur. Amma bu hallar daha çox tatu artistinin özündən asılıdır. Müştəri studiyada hər şeyin sterilizə olunduğundan əmin olarsa, tatu artisti də təmizlik qaydalarına əməl edərsə, infeksiya riski çox aşağıdır. Mən ilk başlayanda bu məsələlərə görə çox  həyəcanlanırdım, çünki qorxulu işdir - çox dərinə vurmamalısan, boya yayıla, dəri şişə bilər. Silinib getməsin deyə çox üzdən də vurmaq olmaz. Müştərilər qorxanda iş ikiqat çətinləşir. İlk işlərimi anamla atamın üstündə yoxlamışam. İkisi də uğursuz olub. Atamın qolunu çox dərinə işləmişdim, göm-göy olmuşdu. Onları sonradan düzəltmək olur, amma valideynlərim ilk işim olduğu üçün düzəltməyimə icazə vermədilər”. 


Əl işləriniz arasında incəsənət nümunələri çoxluq təşkil edir. Bunun xüsusi səbəbi var?


“Tatu işi mənim üçün işdən daha çox sənətdir. Mənə göndərilən eskizləri bəyənməyəndə çəkməkdən imtina edirəm. Çünki öz tərzimə uyğun eskizləri işləməyi xoşlayıram. İnsanlar bədənlərini doldurmaq üçün mənasız tatular elətdirir. Onlar üçün məna xüsusi əhəmiyyət kəsb etmir. Amma mənim üçün elə deyil. İnsanların bədəninə nə gəldi vurmaq mənə mənasız gəlir”.

Bu işdə davam etməyi düşünürsünüz? Gələcək planlarınız nələrdir?


“Gələcəkdə Azərbaycandakı tatu studiyalarından fərqli dizayn, interyerə sahib tatu studiyamın olmasını istəyirəm. Hazırda studiyaların çoxu "street style" dadır (red. küçə tərzli). Mən isə daha çox içində təbiəti hiss edə biləcəyim, komfort zona ola biləcək studiya istəyirəm”.

Lida Abbaslı

Paylaş
Şərh əlavə et