Bu gün:

Sağlam münasibət nə deməkdir?


Hər kəs sağlam, xoşbəxt və uzunmüddətli bir münasibət xəyal edir. Bəs real həyatda münasibətləri sağlam edən nədir? 

Sağlam münasibət təkcə romantik sevgi ilə məhdudlaşmır. O, dərin bağ, qarşılıqlı anlaşma və etimad üzərində qurulub. Bəs münasibətləri, həqiqətən, sağlam edən nədir? Bəlkə də, dəfələrlə düşündüyümüz və hər dəfə fərqli cavab aldığımız bir sualdır. 

Əslində, sağlam bir əlaqənin tərifi hər cütlük və hər münasibət üçün eyni deyil, çünki hamımızın fərqli ehtiyacları var. Hər yaşda yeni təcrübələr qazanarkən eyni qalmaq mümkün deyil. Bu səbəbdən ünsiyyət, şəfqət, cinsəllik, sosial dəyərlər, hobbi və saya bilməyəcəyimiz bir çox ehtiyaclar həyat boyu fərqli ola bilər. 20-li yaşlarınızda yaşadığınız münasibətdə 30-da yaşamaq istəməyə bilərsiniz. Xülasə, “münasibəti sağlam edən nədir?” sualı çox genişdir, çünki münasibətləri quran elementlər cütlərin temperamentindən və ehtiyaclarından asılıdır. Yenə də bir çoxumuzun sağlam münasibət qurmağı asanlaşdıran bir neçə əsas məqam var.

Sağlam bir münasibət necə olmalıdır?

Hər kəsə aid olan sağlam münasibət üçün 9 əsas addım var.

Açıq ünsiyyət

Sağlam münasibətdə olan tərəfdaşlar bir-birləri ilə həyatlarının hər bir müsbət və mənfi anını danışa bilərlər. Ünsiyyət qurmaq üçün böyük problemlər və ya parlaq uğurlar gözləməli deyillər. Qısacası, işdəki stress və ictimai həyat kimi gündəlik həyat problemlərindən, iqtisadi narahatlıqlar və ya ruhi problemlər kimi böyük problemlərdən rahatlıqla danışa biləcəyiniz bir əlaqə sağlamdır.

Etibarlı olmaq 

Bura inam və dürüstlük hissi daxildir. Cütlüklər bir-birlərini rahat və sərbəst hiss etdikdə təhlükəsizdirlər. Partnyorunuzun sizi emosional, fiziki və ya sosial cəhətdən incitməyəcəyini hiss etmək etibarlı bir əlaqənin əlamətidir. Bundan əlavə, cütlüklər bir-birlərinin maddi və mənəvi maraqlarına diqqət yetirməlidirlər. 

Şəxsi məkanın və fərdiliyin qorunması

Sağlam bir əlaqə balanslı olmalıdır. Cütlüklər bağlı ola bilər, amma günün sonunda hər kəsin özünü azad hiss etdiyi və öz şəxsiyyətini qoruduğu bir məkan olmalıdır.

Dostlarınızla ünsiyyətiniz və ictimai həyatınız davam etməli, öz maraqlarınıza və hobbinizə vaxt ayıra bilməlisiniz.

Maraq hissi

Sağlam və uzunmüddətli bir əlaqənin ən əsas xüsusiyyətlərindən biri maraqdır. Partnyorunun nələr etdiyini və edə biləcəyini maraqlandırmaq onun qayğısına qaldığını göstərir. Onların karyera hədəflərini maraqla dinləmələri, gündəlik həyatlarının kiçik detallarına diqqət yetirmələri və onları olduğu kimi qəbul etmələri əlaqələri sağlam şəkildə quracaq. 

Özünüzə vaxt ayırmaq

Cütlərin hər zaman yan-yana olması, münasibətlərin yaxşı getdiyinin göstəricisi olaraq qəbul edilir. Ancaq sağlam münasibət saxlamaq üçün həyat yoldaşları özlərinə vaxt ayırmalıdırlar. Şəxsi məkanınıza və özünə vaxt ayırdığınız an münasibət sağlamdır.

Əyləncə

Kim birlikdə gülüb əylənəcəyi partnyor istəməz ki? Yoxsa belə bir tərəfdaşı olan biri hansı problemi həll etməkdə çətinlik çəkə bilər? Həyatda stresli və çətin anların öhdəsindən gəlməyə çalışarkən həyat yoldaşınızla gülüb oynayaraq keçirdiyiniz ən kiçik an belə münasibətinizi gücləndirmək üçün atacağınız ən əhəmiyyətli addımlardan biri olacaq.

Fiziki yaxınlıq

Sağlam bir əlaqə cinsi narahatlıqlardan azaddır. Yaxud cinsi problemlər olsa belə, cütlüklər bir-biri ilə açıq danışa və onu yaxşılaşdırmaq üçün səy göstərə bilərlər. Bundan əlavə, həyat yoldaşları bir-birlərinin cinsi sərhədlərinə hörmət edirlər. Cinsi əlaqə hər iki tərəfin özünü yaxşı və təhlükəsiz hiss etdiyi zaman baş verir.

Komanda işi

Sağlam münasibət cütlərin bir-birinə dəstək olmasıdır. Partnyorunuz da sizin ən yaxşı komanda yoldaşınız olmalıdır. Bir-birinizi dəstəkləyə biləcəyiniz və irəliləyəcəyiniz bir əlaqə hər hansı bir şey haqqında fərqli fikirləriniz olsa da və ya tamamilə fərqli məqsədləriniz olsa belə, sizin üçün ən doğru münasibətdir. Hətta yaxşı münasibətlərdə də ara-sıra fikir ayrılıqları yarana bilər. Burada mühüm məqam mübahisənin necə idarə olunması və həll olunmasıdır. Fərqləriniz haqqında nəzakətli, dürüst və düşüncəli danışa biləcəyinizi düşünürsünüzsə, münasibətiniz uzun və sağlam şəkildə davam edəcək. Problemləri mühakimə etmədən və aşağılamadan həll edən cütlüklər asanlıqla güzəştə gedə bilərlər.

Mənbə: Terappin 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et