
Cərrah Karan Rac deyir ki, yatmazdan əvvəl qəlyanaltı, bir stəkan şərab və hətta bir stəkan su yuxunu xeyli pozur.
Həkim hesab edir ki, son yemək yatmazdan iki saatdan gec olmayaraq olmalıdır. O izah edib ki, mədə içindəkilərin yarısını bağırsaqlara göndərmək üçün orqanizmə 90 dəqiqə lazımdır. Erkən yatmaq mədə yanmasına və ya turşu reflüsinə səbəb ola bilər. O həmçinin gecələr oyanıb ayaqyoluna getməmək üçün yatmazdan əvvəl su içmək vərdişindən əl çəkməyi tövsiyə edib.
Rac günortadan sonra qəhvədən imtina etməyə çağırıb, çünki onun bədənə təsiri səkkiz saata qədər davam edir. Eyni zamanda, həkimin fikrincə, qəhvə çoxlarının inandığı kimi enerji vermir, ancaq yorğunluq hissini boğur. “Adenozin beyindəki reseptorla bağlanan və yuxululuğa səbəb olan bir molekuldur. Kofein reseptora daxil olur və bu əlaqəni bloklayır”, - deyə həkim izah edib. O, qəhvədən əlavə yatmazdan əvvəl spirtli içki qəbul etməyi arzuolunmaz adlandırıb. Onun sözlərinə görə, spirt REM və qeyri-REM yuxu dövrlərini pozur və zaman keçdikcə insan özünü çox yuxulu hiss edir, lakin yuxuya gedə bilmir.
Racın siyahısındakı digər pis vərdiş isti otaqda yatmaqdır. Mütəxəssis izah edib ki, yuxuya getmək üçün bədənin soyuması lazımdır. “Pik bədən istiliyi axşam saat 7-də olur. Bu nöqtədən sonra o, düşür, özümüzü daha yuxulu hiss edirik və melatonin istehsalı artır”, - deyə Rac bildirib. Onun fikrincə, yuxu üçün ən əlverişli şərait sərin, qaranlıq və sakit otaqda olacaq.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Günel Məmmədova
