Böyük Britaniyanın Şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltonun Norfolk bölgəsində yerləşən bağ evinə qanunsuz daxil olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bu barədə Britaniya polisi məlumat yayıb.

Böyük Britaniyanın vəliəhdi Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton
24media.az Reuters agentliyinə istinadən xəbər verir ki, polis bazar ertəsi axşam kral ailəsinə məxsus Sandrinqem malikanəsinin ərazisində şübhəli şəxslərin olması barədə məlumat alıb. Axtarışlara xüsusi təlim keçmiş itlər, dronlar və helikopter cəlb edilib. İki nəfər saxlanılıb və hazırda polis nəzarətindədir.
“Sun” qəzetinin məlumatına görə, hadisə Uilyam və Keytin 2011-ci ildə Kraliça II Elizabetdən toy hədiyyəsi olaraq aldıqları 10 yataq otaqlı Anmer Hall iqamətgahında baş verib. Polis hadisə zamanı evin boş olduğunu bildirib. Şahzadə cütlüyünün əsas yaşayış yeri isə Vindzor qəsrinin ərazisində yerləşir. Uilyamın nümayəndəsi təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, Britaniya kral ailəsinin təhlükəsizliyi ilə bağlı son illərdə bir neçə insident qeydə alınıb. 2024-cü ildə maskalı şəxslər Vindzor qəsrinə daxil olaraq tövlədən iki nəqliyyat vasitəsi oğurlayıblar. 2021-ci ildə isə Vindzor qəsrinin ərazisində yüklənmiş arbaletlə saxlanılan şəxs mərhum Kraliça II Elizabetə qarşı təhdidlər səsləndirdiyini etiraf edib.
Fidan Mənsimova
