Bu gün:

Alimlər sayı 50-dən aşağı düşən heyvan növlərinin xilas edilməsi yolunu müəyyənləşdiriblər


Nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanların da sayını artırmaq mümkündür. Bunun üçün vaxtında və düzgün mühafizə tədbirlərinin həyata keçirilməsi vacibdir. Bu qənaətə Monash Universiteti və London Zooloji Cəmiyyətinin beynəlxalq alimlər qrupu gəlib.

Foto: Shutterstock/Fotodom

24media.az Gismeteo-ya istinadən xəbər verir ki, tədqiqatçılar 1950-ci ildən bəri təbiətdəki sayı 50-dən aşağı düşmüş 141 quş və məməli növünü araşdırıblar. Nəticələrə görə, bu növlərdən 39-nun nəsli kəsilib, 33-nün isə sayı artaraq ən azı 100-ə çatıb.

Araşdırma göstərib ki, birbaşa mühafizə tədbirləri görülən növlərin 61 faizində müsbət nəticə əldə olunub. Belə dəstək göstərilməyən növlər arasında isə bu göstərici cəmi 2 faiz təşkil edib.

Alimlərin fikrincə, ən effektiv üsul heyvanların sayının azalmasına səbəb olan təhlükələri aradan qaldırmaq və onların çoxalmasına birbaşa dəstək verməkdir. Bu tədbirlərə invaziv yırtıcıların nəzarətdə saxlanılması, yaşayış mühitinin yaxşılaşdırılması, heyvanların əsirlikdə çoxaldılması və uyğun ərazilərə köçürülməsi daxildir.

Uğurlu nümunələrdən biri Avstraliyanın Lord-Hau adasında yaşayan uça bilməyən meşə quşudur. 1970-ci illərin sonlarında bu quşların sayı cəmi 23-ə qədər azalıb. Xüsusi mühafizə proqramları, həmçinin adaya gətirilmiş vəhşi donuz və pişiklərin məhv edilməsi nəticəsində onların sayı artmağa başlayıb. 2024-cü ilin sonuna qədər isə populyasiyanın sayı ən azı 1638-ə çatıb.

Tədqiqatçılar bildirirlər ki, heyvanların sayının artması onların artıq təhlükəsiz olduğu anlamına gəlmir. Kiçik populyasiyaların qorunması onilliklər tələb edə bilər. Buna görə də mühafizə proqramlarını vaxtından əvvəl dayandırmaq olmaz.


Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et