Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Mingəçevirə şəhər statusu verilməsinin 78-ci ildönümü münasibətilə şəhər sakinlərini, həmkarlarını və tələbələri təbrik edib.
Rektor təbrik müraciətində Mingəçevirin qurulmasında və inkişafında əməyi olan bütün nəsillərə ehtiramını bildirərək şəhərin gələcək inkişafında təhsilin və gənclərin rolunu vurğulayıb.
Anar Eminov qeyd edib ki, ailəsi ilə birlikdə Mingəçevirə köçməsindən təxminən iki il ötür və bu müddət ərzində şəhər sakinləri, tələbələr və müəllimlərlə görüşlər vasitəsilə şəhərin imkanları və ehtiyacları ilə yaxından tanış olub. O, Mingəçeviri artıq doğma şəhəri hesab etdiyini bildirib.
Rektorun sözlərinə görə, Mingəçevir Dövlət Universitetinin əsas məqsədlərindən biri gənclərin doğma şəhərlərində keyfiyyətli ali təhsil almasına, ixtisasları üzrə təcrübə qazanmasına və gələcək karyeralarını qurmasına şərait yaratmaqdır. Bu istiqamətdə yerli müəssisələrlə əməkdaşlığın genişləndirilməsi, tələbələrin real iş mühitinə cəlb olunması və məktəblərlə əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.
Müraciətdə universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi və tələbə-müəllim heyəti üçün yeni imkanların yaradılması məsələlərinə də toxunulub. Bildirilib ki, xarici universitetlərdə təhsil, ixtisas üzrə təcrübə proqramları və birgə elmi layihələr tələbələrin inkişafına töhfə verən əsas istiqamətlərdəndir.
Anar Eminov universitetin nəzdində iki elmi-tədqiqat institutunun yaradılması istiqamətində işlərin aparıldığını da diqqətə çatdırıb. Yeni institutların mütəxəssislərin birgə fəaliyyətinə, tələbə və gənc tədqiqatçıların elmi prosesə cəlb olunmasına imkan yaradacağı bildirilib. Tədqiqatların enerji səmərəliliyi, istehsal proseslərinin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsi kimi sahələri əhatə etməsi planlaşdırılır.
Rektor beynəlxalq reytinqlərdə iştirakın universitetin fəaliyyətinin müxtəlif meyarlar üzrə qiymətləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək əsas məqsədin tələbə və müəllimlər üçün yeni imkanlar yaratmaq olduğunu vurğulayıb.
Sonda Anar Eminov Mingəçevirin 78 illik tarixində hər nəslin öz töhfəsini verdiyini bildirərək gənclərin doğma şəhərlərində keyfiyyətli təhsil almasını, beynəlxalq təcrübə qazanmasını və əldə etdikləri biliklərlə şəhərin inkişafına töhfə verməsini arzulayıb. O, bütün sakinləri Şəhər Günü münasibətilə təbrik edərək Mingəçevirə davamlı inkişaf və tərəqqi diləyib.
Fidan Ağayeva
