İsrailin Baş naziri Benyamin Netanyahuya ciddi siyasi zərbə vurulub. Onun əsas rəqibi Qadi Eisenkot ölkədə növbəti hökuməti formalaşdırmaq mandatı alacaq. Bu qərar Eisenkotu İsrailin ən uzun müddət vəzifədə qalan liderini hakimiyyətdən uzaqlaşdırmağa bir addım da yaxınlaşdırsa da, qarşıda ciddi siyasi maneələr var.

24media.az CNN.news-a istinadən xəbər verir ki, oktyabrın 27-də keçirilən seçkilərdə mərkəzçi Yaşar partiyasının lideri, ordunun keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot İsraildə yeni hökuməti formalaşdırmaq mandatı alacaq. O, koalisiya yaratmaq üçün altı həftəyədək vaxt əldə edəcək.
İsrail Prezidenti İsaak Hersoq bazar günü Eisenkota hökuməti formalaşdırmaq mandatını təqdim edəcək. Eisenkot yeni parlamentin 67 üzvünün dəstəyini qazanıb. Onlardan 19-u ərəb partiyalarının nümayəndələridir. Baş nazir Benyamin Netanyahu isə cəmi 46 deputatın dəstəyini əldə edib.
Eisenkot dörd müxalifət partiyasının iştirakı ilə “milli fövqəladə vəziyyət hökuməti” yaratmağı planlaşdırır. Lakin onun qarşısında ciddi siyasi maneələr var. Xüsusilə “Yisrael Beytenu” partiyasının lideri Aviqdor Liberman ərəb partiyalarının dəstəyinə əsaslanan azlıq hökumətinə qarşı çıxıb. O, bunun Netanyahunun yenidən hakimiyyətə qayıtmasına şərait yaradacağını düşünür.
Digər tərəfdən, Netanyahu ərəb partiyalarının yeni hökumətə dəstəyinə qarşı çıxaraq seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edib. O, ifrat sağçı və ultraortodoks partiyaların da daxil olduğu milli birlik hökumətinin yaradılmasına çağırıb. Eisenkot isə bu təklifi siyasi manevr kimi qiymətləndirib.
Eisenkotun ilk sınağı çərşənbə axşamı yeni parlamentin fəaliyyətə başlaması ilə olacaq. O, digər partiyalarla koalisiya danışıqlarını aparmaq üçün 28 gün vaxt əldə edəcək. Bu müddət zərurət yaranarsa, daha 14 gün uzadıla bilər. Danışıqlar uğursuz olarsa, hökuməti formalaşdırmaq mandatı yenidən Netanyahuyə veriləcək.
Banuçiçək Qurbanova
