Bu gün:

“Yaradıcılığı artıran ən böyük faktor istəkdir”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi yazıçı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğludur. O, yazmaq qabiliyyətinə olan istedadın necə kəşf olunması və kiminsə buna marağı varsa, onu necə inkişaf etdirməli olduğu barəsində danışıb.

-Yazıçılığın, yazmaq qabiliyyətinin bir istedad, anadan gəlmə bacarıq olması çoxunun həmfikir olduğu nüansdır. Bəs bu istedad necə kəşf olunur, kiminsə yazmağa marağı varsa, bunu necə inkişaf etdirə bilər?

-Yazmaq qabiliyyəti bəzilərində fitri istedad ola bilər, ancaq bu, o demək deyil ki, bu istedadı olmayanlar çalışmaqla, təhsillə bu qabiliyyəti özlərində inkişaf etdirə bilməzlər. Mümkündür ki, bir insanda yazıçılıq qabiliyyəti olmasın, ancaq böyük həvəsi, istəyi olarsa, bu sahədə çalışmaqla öz bacarığını, istedadını artıra bilər. Bir çox hallarda çoxlu çalışmaqla, əllərindən gələni etməklə öz sahəsində istedadlı şəxslərdən də irəli gedə bilirlər. Ancaq bu məqam da düzgündür ki, kiminsə əgər bu sahədə fitri istedadı varsa, bu iş onda daha yaxşı alınacaq. Yazıçılıq istedadını kəşf edib, inkişaf etdirmək üçün əvvəl insanda istək olmalıdır. Əgər istəyi yoxdursa, nə qədər istedadlı bir şəxs olsa da, bu sahədə uğur qazana bilməyəcək, ümumiyyətlə, bu sahədə böyük işlər görə bilməyəcək. Yaradıcılığı artıran ən böyük faktor istəkdir. İstək olanda insan daha yaradıcı olur, öz istedadını daha yaxşı üzə çıxara bilir və öz sahəsində ən gözəl nəticələri əldə edir. İlk növbədə, insanda istedad olmalıdır. Bundan sonra o sahənin mütəxəssisləri ilə ünsiyyət qurmalıdır, onların fikirlərini öyrənməlidir, onlar bu yolu necə gediblər, özlərini necə inkişaf etdiriblər, bir sözlə, onlardan məsləhət almalıdır. Bundan başqa, istedadın üzə çıxarılması üçün çalışmalıdır ki, kiçik bir esse, məqalə yazsın ki, o şəxsdə bu necə alınır. Sonra qələmə aldığı bu esseləri, məqalələri peşəkar bir yazıçıya təqdim etməlidir ki, bunları dəyərləndirsin, bunun sayəsində qüsurlarını, nöqsanlarını bilsin, onların üzərində çalışsın. Bundan başqa, çoxlu bədii ədəbiyyat oxumalıdır, çoxlu mütaliə etməlidir, çünki mütaliə yazıçılıq qabiliyyətini artıran ən başlıca xüsusiyyətdir. Çoxlu mütaliə, araşdırma, oxuma, dinləmə istedadı üzə çıxaran vasitələrdir. Ümumiyyətlə, yazıçı yalnız bədii ədəbiyyat oxumalı deyil və ya yazıçı yalnız ədəbiyyatçılara qulaq asmalı deyil, onların kitablarını oxumalı deyil. Gözəl yazıçı olmaq üçün, eyni zamanda, bəzi sahələr var ki, bu sahələrdə mütəxəssis olmasa belə, onun dərin araşdırması və geniş mütaliəsi olmalıdır. Məsələn, psixologiya haqqında, insanın özünü tanıması barəsində, fərdi inkişaf mövzularında, əgər tarixi mövzularda  yazıçılıqla məşğuldursa, tarixi mövzularda, sosial movzularda, sosial-psixoloji mövzularda, siyasi mövzularda yazırsa, siyasi mövzularda bu insanın geniş mütaliəsi olmalıdır. Ona görə istedadın üzə çıxarılması üçün bu da digər faktorlardan biridir. Eyni zamanda, öz dünyagörüşünü genişləndirməlidir. Dünyagörüşün genişləndirilməsi yazıçılıq istedadının artırılmasına ən çox təsir edən amillərdəndir. Ola bilər ki, çoxlu səyahət eləsin, ola bilər ki, fərqli, savadlı, dərin biliyə malik insanlarla ünsiyyət qursun, onların çıxışlarına qulaq assın, onların avtobioqrafik əsərlərini oxusun, yəni hər bir halda insan dünyagörüşünü artırmaq üçün çalışmalıdır, bu da yazıçılıq istedadına təsir edən ən böyük faktorlardan biridir. Ən başlıcası da bu sahədə çalışanda uğursuzluqları olacaq, bu təbii haldır. Elə bir insan yoxdur ki, öz sahəsindəki uğur qazanmamışdan əvvəl çoxlu uğursuzluqları olmamış olsun. Bütün bunlara normal baxmalıdır, psixoloji hazır olmalıdı, tənqidlərə açıq olmalıdır, uğursuzluqlardan, tənqidlərdən özünə nəticə çıxarmalıdır. Əgər psixoloji gücü olmasa, ən istedadlı insan belə tez bir zamanda məyus olacaq və öz sahəsində nəticə əldə edə bilməyəcək. Bundan əlavə yazıçılıq istedadını inkişaf etdirmək üçün bizim ölkəmizdə elə bir peşəkar kurslar yoxdur, ancaq Amerika təcrübəsində həm onlayn formada, həm canlı formada xüsusi kurslar var. Universitetlərdə də yazıçılıq bir peşə olaraq tədris olunur, "yaxşı yazıçı olmaq üçün nə etməliyik?" mövzusunda çoxlu seminarlar keçirilir, professional yazıçıların çıxışları var. Detallı şəkildə, təfərrüatları ilə, geniş-geniş bu sahədə yazılmış kitablar var, videoçarxlar var. Ona görə də hazırkı dövrdə yaxşı peşəkar yazıçı olmaq üçün demək olar ki, hər bir şərait yaradılıb. Bizim ölkəmizdə də bu istedadın inkişaf etdirilməsi üçün peşəkar kurslara ehtiyac var. Gənc yazıçıların və gənc istedadların olması üçün kurslar olmalıdır. Bu kurslar olduqda valideynlər öz övladlarını erkən yaşlarda ora qoya bilərlər və yaxud da yeniyetmələr özləri gəlib bu kurslarda iştirak edə bilərlər. Əgər biz yazıçılığın inkişafını istəyiriksə, dünya səviyyəsində qələmə sahib yazıçıların olmasını istəyiriksə, beynəlxalq kitab müsabiqələrində iştirak edən, ölkəmizin dünya ədəbiyyatı sırasına qatılmağını istəyiriksə, mütləq olaraq peşəkar kurslar təşkil edilməlidir. Bu, dövlət səviyyəsindən dəstəklənən bir proyekt, layihə ola bilər, özəl qurumlar tərəfindən dəstəklənən bir layihə ola bilər, nəşriyyatlar tərəfindən və yaxud da ki, hansısa bir yazıçı tərəfindən dəstəklənən və irəli sürülən layihələr, kurslar ola bilər. Bu da öz növbəsində ölkə ədəbiyyatının inkişafına çox böyük dəstək olar. Bizim ölkəmizdə belə kurslar olmadığına görə bu sahədə ciddi problemlər yaşayırıq. Bu kurslar olanda yazıçılar öz fikirlərini bölüşə bilərlər, hətta peşəkar yazıçıların belə hansısa bir yazı prosesində bəzi problemləri ola bilər ki, ona diqqət etmirlər və peşəkar yazıçıların fikir mübadiləsi nəticəsində bir-birlərinə yardım edə bilərlər. Yəni belə kursların olması peşəkar yazıçılar üçün də faydalı olar. Eyni zamanda, biz yalnız daxili ədəbi bazara köklənməməliyik, dünya ədəbiyyatı sırasına da qatılmağı düşünməliyik. Bu, bizim ölkəmizdə yazıçıların, demək olar ki, əksəriyyətinin bilmədiyi bir mövzudur, yəni dünya üzrə necə tanınmış yazıçı olmaq olar, dünya üzrə necə tanınmış ədəbi qurumlara qatılmaq olar, dünya ədəbiyyatı sırasına öz ədəbiyyatımızı necə qatmaq lazımdır, hansı müsabiqələr, ədəbi jurnallar var, hansı müsabiqələrə necə qatılmaq lazımdır kimi məsələlər ölkəmizdə ədəbiyyatla bağlı ciddi problemlərdir. Bunların aradan qaldırılması üçün ölkə daxilində bu mövzularla bağlı müxtəlif tədbirlər olmalıdır. Bizim ölkəmizdə isə bu cür tədbirlər demək olar ki, keçirilmir. "Copy-paste"çilər, əslində, peşəkar kurslar olmayanda yaranır və bir çox hallarda copy-paste bilərəkdən və ya bilməyərəkdən baş verir. Ona görə də ölkəmizdə ədəbiyyatla, yazıçılıqla peşəkar səviyyədə məşğul olmaq "copy-paste"nin qabağını alar, piratçılığın qabağını alar, ədəbiyyatı inkişaf etdirər, daha da istedadlı, peşakar yazıçılar formalaşar, yazıçılarda daxili rəqabətdən çox birlik düşüncəsini formalaşdırar. Bir çox hallarda yaradıcı insanlarda bir-birlərinə qarşı müəyyən qıcıqlar olur, müstəqil və təkbaşına fəaliyyətə yönəlmələr olur, ancaq ölkə daxilində peşəkar ədəbi qurumlar, ədəbi müsabiqələr, peşəkar ədəbi kurslar olsa, yazıçılar bir-biriylə bu kurslarda, bu qurumlarda, dərnəklərdə birləşsələr, onda bir "biz" düşüncəsi yaranar, yazıçılarda birlikdə yaratmaq düşüncəsi formalaşar. Düşünürəm ki, bu daha da qurucu olar, daha da inkişafa xidmət edər.

Lumu Zülfüqarova 



Paylaş
Şərh əlavə et