Bu gün:

Nanotyrannus skeleti 47,3 milyon dollara satılıb


ABŞ-nin Nyu-York şəhərində keçirilən hərracda Nanotyrannus dinozavrının skeleti 47,3 milyon dollara satılıb. Təxminən 3 metr uzunluğunda olan və “Jodi” adlandırılan skelet Sotheby’s hərrac evində satışa çıxarılıb.


24media.az TRT Haber saytına istinadən xəbər verir ki, skelet əvvəllər gənc Tirannozavr reksə (T. rex) aid edilsə də, tədqiqatçılar onun fərqli dinozavr cinsinə məxsus olduğunu müəyyən ediblər. Sotheby’s-in məlumatına görə, skelet təxminən 191 fosil sümük elementindən və yaxşı qorunmuş, demək olar ki, bütöv kəllədən ibarətdir. Bu, Nanotyrannus cinsinə aid olduğu məlum olan cəmi üç skeletdən biridir.

12 dəqiqə davam edən hərracda altı iştirakçı qiymət təklif edib. Qalib alıcının kimliyi açıqlanmayıb.

“Jodi” indiyədək hərracda satılan ən bahalı ikinci dinozavr fosili olub. Birinci yerdə 50,1 milyon dollara satılan T. rex skeleti, üçüncü yerdə isə 44,6 milyon dollara satılan “Apex” adlı Steqozavr skeleti qərarlaşıb.

Skelet 2019-cu ildə ABŞ-nin Montana ştatında, fermer Jodi Piersona məxsus ərazidə, Hell Creek geoloji formasiyasında tapılıb. Daha sonra paleontoloq Kleyton Fipps və onun komandası tərəfindən qazıntı işləri aparılaraq üzə çıxarılıb. 



Fidan Mənsimova

Paylaş
Şərh əlavə et