Avropanın bir sıra ölkələrində yaşayış xərclərinin artmasına və dövlət xidmətlərinin keyfiyyətinin aşağı düşməsinə qarşı keçirilən etirazların şənbə günü Almaniyaya yayılacağı, Fransada isə yenidən başlayacağı gözlənilir.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Avropada keçirilən etirazların Almaniyaya da yayılacağı gözlənilir. Aksiyaların təşkilatçıları nümayişlərin dinc şəraitdə keçirilməsini istəsələr də, mümkün talan və iğtişaşların qarşısını almaq üçün polis qüvvələri səfərbər edilib.
Son həftələrdə İtaliya, İspaniya, Portuqaliya, Albaniya və Fransada tələbələrin də iştirak etdiyi nümayişlər keçirilib. Bəzi aksiyalar zorakılıqla müşayiət olunub. Halloween bayramı ərəfəsində Fransada fəallar insanları yaşayış xərclərinin artmasına, təhsil və mənzil sahəsindəki problemlərə qarşı etiraz etməyə çağırıblar.
Almaniyada isə “Gen Z regelt” (“Z nəsli həll edir”) adlı qruplar birliyi 30-dan çox şəhərdə aksiya keçirməyə çağırış edib. Nümayişçilər məktəblərə, iqlimin qorunmasına və mənzil təminatına daha çox vəsait ayrılmasını tələb edir, həmçinin məcburi hərbi xidmətin bərpasına qarşı çıxırlar.
Fərid Tapdıqov
