Sudan diasporasının üzvləri və beynəlxalq hüquq müdafiə təşkilatları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatı Lana Nusseibehin BMT-nin baş katibi vəzifəsinə namizədliyinə etiraz ediblər.

24media.az The Guardian-a istinadən xəbər verir ki, tənqidçilər Nusseibehin BƏƏ-nin Sudandakı müharibədə yarımhərbi RSF qüvvələrinə dəstəyini inkar etdiyini bildirirlər. Hüquq müdafiəçilərinin sözlərinə görə, RSF qüvvələri müharibə zamanı çoxsaylı insan hüquqları pozuntularına və qətliamlara yol veriblər.
Nusseibeh isə BƏƏ-nin bu qüvvələrə dəstək verməsi ilə bağlı ittihamları rədd edib. O, BMT-nin baş katibi seçiləcəyi təqdirdə Sudandakı hadisələrin araşdırılmasını və qurbanlar üçün ədalətin təmin olunmasını dəstəkləyəcəyini bildirib.
Tənqidçilər hesab edirlər ki, onun namizədliyi BMT-yə olan etimadı zəiflədə bilər. Yeni baş katibin seçilməsi üçün BMT Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı 9-nun səsi tələb olunur. Bundan əlavə, beş daimi üzvdən heç biri namizədliyə veto qoymamalıdır.
Aydan Xudayarova
