Bu gün:

Kondisionerdən yanlış istifadənin yaratdığı təhlükələr


Ankara Etlik Şəhər Xəstəxanası Daxili Xəstəliklər Mütəxəssisi Dos.Dr. Emin Gemcioğlu bildirib ki, temperaturun artması ilə kondisionerdən düzgün istifadənin əhəmiyyəti də artıb.

Dos.Dr. Emin Gemcioğlu bildirib ki, kondisionerdən düzgün istifadə edilmədiyi halda insanların səhhətində müəyyən problemlər yarana bilər. Dos.Dr. Gemicioğlu: "İnsanlar arasında kondisioner vurması dediyimiz bir vəziyyət var. Bu, xüsusilə, baş ağrısı, boyun ağrısı, geniş yayılmış əzələ ağrıları, oynaq ağrıları, qızdırma kimi hallarla özünü göstərir. Burada kondisionerlərdən yanlış istifadə edilməsi əsas mövzudur. Xüsusən də, mühitdə ani temperatur dəyişikliyi olarkən, yəni ətrafdakı temperaturun sürətlə aşağı düşməsi və ani isti dəyişikliyi səbəbilə kondisionerin birbaşa hava axınının olması  ilə bədəndə əzələ ağrıları əmələ gəlir. Bundan başqa, kondisionerlərdən düzgün istifadə edilmədiyi halda ətrafdakı rütubətin miqdarı da azalır. Rütubətin miqdarı azaldıqca yuxarı tənəffüs yollarında quruluq əmələ gəlir. Bu da yuxarı tənəffüs yollarının infeksiyasına səbəb olur. Həmçinin kondisionerlərə mütəmadi olaraq texniki qulluq etməmək və filtri dəyişdirməmək kondisionerlərin bakteriya yayan bir cihaza çevrilməsinə səbəb ola bilər”.

Mühit temperaturu  23-24 dərəcə olmalıdır.

Dos.Dr. Gemicioğlu soyuq havanın üzlə birbaşa təması halında ani hərarət dəyişikliyinə görə bəzi insanlarda üz iflici meydana gələ biləcəyini bildirib: "Bu üz iflici, adətən, keçici ola bilər. Amma bu, insanlarda ciddi narahatlıq yaradır. Öncəliklə, ətraf mühitin temperaturu 23 ilə 24 dərəcə arasında olmalıdır. Qapalı mühitlə  xarici mühit arasındakı temperatur fərqi 10 dərəcədən çox olduqda bu narahatlıq ortaya çıxır.  Xüsusilə, xroniki xəstəlikləri, yüksək təzyiqi, ürək xəstəliyi, şəkər xəstəliyi, xərçəng xəstəliyi olan insanlar yuxarı tənəffüs yolları infeksiyalarına daha həssas olduqlarına görə bu infeksiyalara daha tez yoluxurlar. Bu qrup xəstələr bu mövzuda daha diqqətli olmalıdırlar. Bu aylarda kondisioner istifadəsi əhəmiyyətlidir. Kondisionerə texniki qulluq mütləq edilməlidir. Çox kəskin temperatur dəyişikliklərindən qaçınılmalıdır. Yenə də bütün vətəndaşlarımıza tövsiyə etdiyimiz şey bol maye qəbul etmək, balanslı qidalanmaq və kifayət qədər yatmaqdır".

Mənbə: Haber global 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et