Müasir həyatın sürətli tempində zehnimizi dolduran fikirlərdən qaça bilmərik. Biz zaman-zaman çox düşünürük və müəyyən məsələlərdə ilişib qalırıq.
Bəs nəyi və nə qədər düşünə biləcəyimizi düzgün istiqamətləndirmək olarmı? Klinik Psixoloq Rabia Yavuz nə düşünə biləcəyimizi və nə qədər düşünə biləcəyimizi istiqamətləndirməyin mümkün olduğunu bildirir.
Müəyyən mövzularda həddindən artıq düşünmək hamımızın zaman-zaman yaşadığı bir şeydir, lakin hər bir halda olduğu kimi, doza çox vacibdir. Məlumdur ki, həddindən artıq düşünmək bir çox patoloji vəziyyətlərlə sıx bağlıdır. Klinik Psixoloq Rabia Yavuz nəyi və nə qədər düşündüyümüzü istiqamətləndirmə şansımız olduğunu bildirir. “Ruminasiya” adlı məfhumdan bəhs edən Yavuz bu anlayışı eyni mövzu üzərində düşünmək kimi izah edir. Yavuz konsepsiyanın nəyə səbəb olduğunu belə izah edir:
“Ruminasiya bizi bir növ pis dairədə ilişib saxlaya bilər. Bu həm də məsələdən uzaqlaşmağımıza və vəziyyəti başqa rakurslardan qiymətləndirməmizə mane ola bilər. Təcrübələrimizdən yeni bir şey öyrənmək əvəzinə zehni yorğunluğa qapı açan bu vəziyyət bizi keçmişə həbs edə bilər və anı yaşamağa mane ola bilər”.
Həddindən artıq düşünmənin, ümumiyyətlə, narahatlıqla əlaqəli olduğunu bildirən Klinik Psixoloq Rabia Yavuz gələcək və imkanlar haqqında çox düşünməyin narahatlığın artmasına səbəb olduğunu deyir. Yavuz çox düşünməyin fəsadlarını belə izah edir:
“Mümkün təhlükələr və ya pis ssenarilər haqqında daim düşünmək narahatlıq səviyyəmizi artıra bilər. Həddindən artıq düşünmə narahatlıq pozğunluğu və ya obsessiv-kompulsiv pozğunluq əlamətləri ilə sıx əlaqəli ola bilər. Həmçinin həddindən artıq düşünmək qərar vermə prosesimizi çətinləşdirə və bizi qərarsızlığa sürükləyə bilər. Qərarsızlıq asanlıqla hərəkətsizliyə çevrilə bilər. Bu, hərəkətə keçməyimizə mane olacağı üçün qeyri-sağlam mübarizə formasına çevrilə bilər. Hərəkət edərək risk etməkdənsə, daim düşünməklə komfort zonasında qala bilərik.
Araşdırmalar göstərir ki, həddindən artıq düşünmək insanları tənbəlliyə sövq edir. Bəs həddindən artıq düşünmək və tənbəllik arasında nə əlaqə var? Kliniki Psixoloq Rabia Yavuz bu əlaqəni belə izah edir:
“Terapiya otağında ən çox eşitdiyim şikayətlərdən biri də hərəkətsizlikdir. Həddindən artıq düşünmək yorğunluğa səbəb olur və dolayısı ilə qərar qəbul etmə və fəaliyyətə keçidimizi gücləndirir. Hər vəziyyətdə deyil, hər zaman düşünmək bəzilərimizdə qərarsızlıq və ya hərəkətə keçməkdə çətinlik çəkmə kimi problemlərə səbəb ola bilər. Sahib olduğumuz enerjini düşünməyə sərf etdikdə, hərəkətə keçəndə ehtiyac duyduğumuz motivasiyanı itiririk. Duyğular davranışa tez təsir edə bildiyi üçün düşüncə həm psixoloji, həm də fizioloji sağlamlığımıza böyük təsir göstərir. Bu səbəbdən düşüncələrinizdə boğulduğunuzu hiss edirsinizsə və özünüzü uzun müddət yorğun hiss edirsinizsə, bu mövzuda mütəxəssis dəstəyinə müraciət etməniz lazım ola bilər.
Mənbə: CNN Türk
Tərcümə etdi: Xədicə Cabbarlı
