Bu gün:

Yetkinlərin yuxuda ağlamasına səbəb nədir?


Heç yuxudan ağlayaraq oyanmısınız? Cavabınız bəlidirsə, tək deyilsiniz. Yetkinlərin təxminən üçdə biri yuxudan ağlayaraq oynayır. Yuxuda ağlamaq, adətən narahatlığa səbəb olmur. Bu, sadəcə olaraq hansısa güclü emosiyaların işləndiyinə işarədir. Yəni insan kədər, qəzəb və stressin altında qaldığını hiss edir, keçmişdə bəzi həll olunmamış məsələlər narahatlığa səbəb olur. Səbəbi nə olursa olsun, yuxuda ağlamaq bədən və beyin üçün yığılmış duyğuları azad etmək üçün bir yoldur. Odur ki, göz yaşlarınızla oyanırsınızsa, təşvişə düşməyin. Bir neçə saniyə dərin nəfəs alın və özünüzə hər şeyin yaxşı olacağını xatırladın. Yuxudan ağlayaraq oyanmağı  səbəbləri  aşağıdakılardır:


1. Gecə qorxuları

Gecə qorxuları oyandığınız zaman xatırlaya bilməyəcəyiniz parasomniyalardır. Uşaqlar bu vəziyyəti böyüklərdən daha tez-tez yaşayırlar. Bu, xüsusilə, 3-7 yaş arasında müşahidə olunur. Oğlan və qızların 30%-nin gecə qorxularından əziyyət çəkdiyi təxmin edilir. Yataqda dayanmadan hərəkət etmək, qışqırmaq, yuxuda gəzmək, yatarkən ağlamaq gecə qorxularının əlamətləridir.

2. Kabuslar görmək

Yəqin ki, kabuslu yuxudan oyanmaq sizdə  qorxu, kədər, sarsıntı və narahatlıq duyğuları yarada bilər. Əslində, bəzən kabus o qədər güclü olur ki, insan yuxudan ağlayaraq oyanır. Alimlər niyə kabuslar gördüyümüzü tam izah edə bilməsələr də, pis yuxuların çox vaxt çətin emosiyalar, stress, neqativ hallar və narahatlıqlarla əlaqəli olduğuna inanırlar.

3. Basdırılmış emosiyalar 

Hər bir insan faciəvi itki və ya travmatik bir hadisə ilə qarşılaşdıqda fərqli şəkildə kədərlənir. Bəzi insanlar öz hisslərini asanlıqla ifadə edə bilir, başqalarından kömək istəyə bilir və tez sağalır. Digərləri başqalarından uzaqlaşaraq öz hisslərini görməməzliyə vurmağa və boğmağa üstünlük verə bilər. Digərləri sanki hər şey qaydasındadır kimi davranmağa meyllidirlər. Gün ərzində məşğul və aktiv olurlar, lakin gecələr ağır hisslər yuxu problemi kimi özünü göstərir. Bir terapevtə müraciət etmək ağır, çətin hissləri idarə etməyə, öhdəsindən gəlməyin yollarını müəyyənləşdirməyə və sağalmağı öyrənməyə kömək edə bilər.

4. Narahatlıq və stress

Həyat iş, evlilik, ailə, maddi vəziyyət, sağlamlıq kimi problemlərlə doludur. Bütün bunlar vacib stress faktorlarıdır. Yuxu beynin emosional xatirələr yaratmasını empatik davranışı inkişaf etdirməyi dəstəkləyir. Buna görə də beyniniz həyatınızdakı gərginliyi aradan qaldırmağa çalışarkən hiss etdiyiniz stress və narahatlıq yuxunuzda ağlamaq kimi özünü göstərə bilər.

5. Parasomniya

Parasomniya yuxu gəzintisi adlanır və yuxu pozğunluqlarının bir növüdür. Parasomniyalı insanlar öz fiziki mühitlərindən xəbərsiz olduqları üçün bu onların həyatını riskə ata bilər. Onlar istəmədən zəhərli maddələr yeyərək, pilləkənlərdən yıxılaraq və ya əşyalara dəyərək özlərinə xəsarət yetirə bilərlər. Əgər siz də tez-tez parasomniya ilə qarşılaşırsınızsa, qarşısının alınması üçün mütləq bir səhiyyə mütəxəssisindən dəstək almalısınız.


Mənbə:uplifer

Tərcümə etdi:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et