Bu gün:

Süd içmək üçün başqa bir səbəb


Hər yaşda içilməsi tövsiyə edilən və orqanizmə bir çox faydası olan südün ürək sağlamlığı ilə yaxından əlaqəli olan hipertoniyanın qarşısını aldığı məlumdur.


Uşaqlıqdan mütəmadi olaraq qəbul edilməsi tövsiyə edilən südün sonrakı yaşlarda meydana gələn ürək xəstəliklərinin qarşısının alınmasında da təsirli olduğu bildirilir. Mütəxəssislər vurğulayırlar ki, südün tərkibində zülal, kalsium və fosfor kimi qida maddələri qan təzyiqini aşağı salmaqda kömək edir. Südün bu xüsusiyyəti ilə hipertoniyanı tarazlıqda saxladığı və mümkün ürək xəstəlikləri riskini azaltdığı ifadə edilir. Prof. Dr.Neriman İnanç süd istifadəsinin hipertoniya və ürək sağlamlığına birbaşa təsir etdiyini belə izah edib: “Ürəyin yükünü artıran və damarları zədələyən hipertoniyanın qarşısını hər gün kifayət qədər süd içməklə almaq mümkündür".

Hipertoniya zamanla, xüsusilə,  qanı ürəyə, böyrəklərə, gözlərə və beyinə aparan damarlarda zədələnməyə səbəb olur. İnsult, infarkt və böyrək çatışmazlığının əsas səbəblərindən birinin hipertoniya olduğunu qeyd edən İnanç: “Süd və süd məhsullarında kalsiumun qəbulu azaldıqca arterial təzyiq yüksəlir və hipertoniyaya səbəb olur. Buna görə də kalsium istifadəsi artırılmalıdır. Kalsium və fosfor baxımından ən zəngin qida süd və süd məhsullarıdır”. Həmçinin o, təzyiq artımının heç bir əlamət olmadan illər boyu məkrli şəkildə irəliləyə biləcəyini, bu vəziyyətin uzun müddətdə ürək və böyrəklərə təsir edə biləcəyini də söyləyib.

Mənbə: CNN Türk

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et