
Ötən gün tanınmış aparıcı Natəvan Babayevanın süd vəzisi xərçəngindən ölməsi jurnalistika üçün ağır itkidir. Bəs süd vəzisi xərçənginin əlamətləri və yaranma səbəbləri hansılardır?
24media.az-ın “1sual, 1cavab” rubrikasının budəfəki qonağı onkoloq-mammoloq Afət Cabbarovadır. O, süd vəzi xərçənginin yaranması haqqında danışıb.
Süd vəzi xərçənginin 10-15 faizi irsi xarakter daşıyır. Digər 85% civarında süd vəzi şişlərinin isə səbəbi bilinmir, yəni qeyri- müəyyən səbəblərdən yaranır. Konkret səbəbləri bilinməsə də biz risk faktorlarını qeyd edə bilərik ki, bunlardan da ən əsası qadının hormonal statusudur. Qadının hormonal statusu- menstruasiyanın erkən başlaması, gec menopauzaya uğraması- bir sözlə, bu menstrual dövr nə qədər uzun çəkərsə, bir o qədər süd vəzi xərçənginin yaranma riski artır. Ümumiyyətlə, digər şişlərdə olduğu kimi süd vəzi şişlərininin yaranmasında da qidalanma böyük rol oynayır. Digər əsas faktorlardan biri, ailədə süd vəzi şişləri olan üzv varsa belə, xanımlarda süd vəzi xərçənginə yoluxma ehtimalı 2-4 dəfə daha çoxdur. Belə xanımlar risk faktoru qrupuna daxil olurlar və erkən vaxtda müayinələrə başlamalıdırlar. Digər hormonal problemlər məsələn: Hipotireoz, qalxanvari vəzi( zob deyilən xəstəlik), ginekoloji problemlər və süni mayalanma. Bir həkim kimi mən çox şahidi oluram ki, süd vəzinin müayinə etmədən, ailəvi riskləri yoxlamadan xəstələrə süni mayalanma protokolları hazırlayırlar. Süd vəzi xərçənginin ilkin əlamətlərinə nümunə olaraq bunları sadalaya bilərik: Dəri qırışıqlığı, dəridə yaranan ödəm, döşgilə qaşıntısı, gilədə yaranan ödəm, yara- xora, süd vəzisində yaranan xora, qoltuq altında limfa düyünlərinin kəskin böyüməsi ,süd vəzi iltihabını və s.
Lalə Mənəfova
