
Dilimizin səthi papilla adlanan çoxsaylı kiçik çıxıntılarla örtülmüşdür. Papillaları yeməyin dadını təyin edən bir növ bədən sensoru kimi düşünə bilərik. Bu sensorun işləməsinə səbəb onun üzərindəki dad hüceyrələridir. Yeməyin ağızda parçalanması nəticəsində bölünən kimyəvi maddələr dad hüceyrələri tərəfindən qəbul edilir. Yaranan siqnallar beyindəki dad mərkəzinə çatır. Beləliklə, yeməyin dadını alırıq.
Dad toxumalarında xüsusi həssas hüceyrələr var və bu reseptor adlanır. Bu reseptorlar dadları seçməyə imkan verir. İnsanlarda beş növ dad hissi var: şirin, duzlu, acı, turş və umami. Beşinci və ən son kəşf edilən dad hissi olan umami "dadlı" deməkdir. Umami zülalları, amin turşuları təşkil edir və göbələk, pomidor , pendir kimi qidalar buna daxildir. Dadın hiss oluna bilməsi üçün yediyimiz yeməyin molekulları selikdə əriməlidir. Maddələrin həll edilməsi nəticəsində reseptorlarda kimyəvi dəyişikliklər baş verir. Yaranan siqnallar beyin qabığında yerləşən dad mərkəzinə ötürülür. Beləliklə, yeməyin dadını hiss edirik. Dilin arxa hissəsinin acı dadları, ön hissəsinin şirin, ön kənarlarının duzlu, arxa kənarlarının isə turş dadları hiss etməsi barədə məlumatlar yanlışdır. Əslində, dad hüceyrələrinin hər birində müxtəlif reseptor hüceyrələr bir arada olur və hər biri beş dad növünün hamısını aşkar edə bilir.
Yeməyin dadını seçmək dad və qoxu hisslərinin bir-birini dəstəkləməsi nəticəsində formalaşır. Bu səbəbdən qrip, soyuqdəymə kimi səbəblərdən qoxu duyğumuzda azalma olduğu zaman dad hissimizə də mənfi təsir edir. Həddindən artıq soyuq və ya isti yeməklər dəfələrlə qəbul ediləndə dad hissi ziyan görür.
Mənbə:bilimgenç
Tərcümə etdi:Tərlanə Abdullayeva
