Bu gün:

Çexiya möhtəşəm geri dönüşlə finala yüksəlib


2026-cı il futbol üzrə dünya çempionatının Avropa təsnifat mərhələsinin pley-off yarımfinalında Çexiya milli futbol komandası ilə İrlandiya milli futbol komandası qarşılaşıb.

Çexiya millisinin futbolçuları dramatik geri dönüş və penaltilər seriyasındakı qələbədən sonra sevincini emosional şəkildə qeyd edir

24media.az "Sporx.com"-a istinadən bildirir ki, Fortuna Arena stadionunda keçirilən matç gərgin və dramatik ssenari ilə yadda qalıb. Qarşılaşmaya sürətli başlayan İrlandiya millisi erkən qollarla üstünlüyü ələ keçirib. 19-cu dəqiqədə Troy Parrott hesabı açıb, 23-cü dəqiqədə isə Matěj Kovářın avtoqolu ilə fərq iki topa yüksəlib.

İlk hissədə geri dönüşə start verən Çexiya millisi 27-ci dəqiqədə fərqi azaldıb. Həmin epizodda Patrik Schick cərimə meydançası daxilindən endirdiyi dəqiq zərbə ilə komandasını oyuna qaytarıb.

İkinci hissədə təşəbbüsü tam ələ alan çexlər rəqib qapısı önündə təzyiqi artırıblar. Bu təzyiq 86-cı dəqiqədə öz nəticəsini verib – Ladislav Krejčínin vurduğu qol tablodakı rəqəmləri eyniləşdirib.

Əlavə vaxtda komandalar daha ehtiyatlı oyun sərgiləsə də, qalib müəyyənləşməyib. Beləliklə, görüş penaltilər seriyasına gedib. 11 metrlik zərbələrdə daha dəqiq oynayan Çexiya millisi 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, Çexiya millisi martın 31-də keçiriləcək pley-off finalında Danimarka milli futbol komandası ilə qarşılaşacaq. Bu oyunun qalibi dünya çempionatına vəsiqə qazanacaq.

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et