Son elmi araşdırmalardan biri göstərib ki, bitkilər düşündüyümüzdən qat-qat “ağıllı” davrana bilir. Xüsusilə bəzi ağac növləri təhlükə hiss etdikdə bir-birilə ünsiyyət qurur.

24media.az Daily Science-ə istinadən xəbər verir ki, xüsusilə bəzi ağac növləri təhlükə hiss etdikdə bir-birilə ünsiyyət qurur. Bu proses kimyəvi siqnal ötürülməsi vasitəsilə baş verir. Məsələn, bir ağac həşərat hücumuna məruz qalanda havaya xüsusi maddələr buraxır və yaxınlıqdakı digər ağaclar bu siqnalı alaraq özlərini qorumaq üçün əvvəlcədən müdafiə mexanizmlərini aktivləşdirirlər.
Daha maraqlısı odur ki, bu ünsiyyət təkcə hava ilə yox, torpaq altında da baş verir. Alimlər müəyyən ediblər ki, ağac kökləri göbələklərlə birlikdə “şəbəkə” yaradır və bu sistem mikoriza şəbəkəsi adlanır. Bu şəbəkə vasitəsilə ağaclar bir-birinə qida maddələri ötürə, hətta zəif olan “qonşularını” dəstəkləyə bilir.
Bu kəşf göstərir ki, meşə sadəcə ayrı-ayrı ağaclardan ibarət deyil. Əslində o, bir-birinə bağlı, məlumat paylaşan və kollektiv şəkildə reaksiya verən canlı sistemdir. Bu da alimlərin bitkilərə baxışını kökündən dəyişir. Artıq onlar passiv canlılar yox, ətraf mühitə aktiv uyğunlaşan mürəkkəb sistemlər kimi qəbul olunur.
Turqut Ansari
