Novruz hər zaman sadəcə bayramdan daha artıq olub, amma nənələrimizin dövründə o, bir hiss idi. Səmimiyyət, sadəlik və insan bağlılığı ilə yaşanan. Hansı ki, bu gün qeyd edilən bayramlardan fərqlənirdi.

Zamanın çarxı sürətlə fırlansa da, bəzi xatirələr var ki, illər keçdikdə daha da dəyərli olur. Bunlardan ən əsası nənələrimizin bizə nağıl kimi danışdığı, o dövrün səmimiyyəti ilə yoğrulan Novruz bayramıdır. Bu gün qeyd etdiyimiz Novruzla böyüklərimizin xatırladığı Novruz arasında böyük bir fərq var. Həmin vaxt insanlar bir-birinə texnologiya ilə deyil, səmimiyyətlə bağlanıb.
O dövrlərdə Novruz sadəcə təqvimin dəyişməsi deyil, təbiətlə insanın bir yerdə nəfəs alması idi. Nənələrimiz danışardı ki, ilk çərşənbədən etibarən evlərdəki "toz-torpaq qovulardı". Amma bu, sadəcə təmizlik deyildi. Evin hər küncünə günəş işığı və bərəkət dolsun deyə edilən bir növ ritual idi. Əvvəllər səmənini hər kəs özü qoyardı. "Səməni, saxla məni" deyib dualar oxunar, bu yaşıl cücərti ailənin illik ruzisinin simvolu hesab olunardı. O vaxt indiki kimi hazır satılan şirniyyatlar yox idi. Bütün məhəllə bir yerə toplanar, saatlarla kömür sobasının üstündə şəkərbura, paxlava bişirilərdi. O evlərdən gələn hil və darçın qoxusu bütün küçəyə yayılardı.
Nənələrimizin inandığı bəzi adətlərimiz də var idi. Hansı ki, bunlar ancaq Novruza xas idi. Bunlara misal olaraq, "Qapı Pusu" və "Qulaq Falı"nı deyə bilərik. Nənələrimizin dövründə Novruz həm də sirr və ümid bayramı idi. Gənc qızlar qonşu qapısını pusar, eşitdikləri ilk sözə görə bəxtlərini yozardılar. Ona görə də o günlərdə hamı çalışardı ki, evdə yalnız xoş sözlər danışsın. Heç kim küsülü qalmaz, bayramın müqəddəsliyi inciklikləri kölgədə qoyardı.
Novruzun digər ənənəsi isə " Papaqatdı" idi. Novruzun vaz keçilməzi isə tonqal olub. Axşam düşəndə kəndlərin, məhəllələrin mərkəzində qalanan böyük tonqallar sadəcə istilik vermirdi, həm də insanları birləşdirirdi. “Papaqatdı” isə uşaqlar üçün ən böyük həyəcan idi. Nənələrimiz cibində həmişə qovurğa, qoz-fındıq və boyanmış yumurta saxlayardı ki, o papağı boş geri qaytarmasın.
"Bizim vaxtımızda Novruz ürəklərdə qeyd olunardı, süfrələrdə deyil" deyərdi nənələrimiz, çünki o vaxtın süfrələri, bəlkə, indiki kimi dəbdəbəli deyildi, amma onun başında oturanların sevgisi həqiqi idi. Nənələrimizin dövrünün Novruzu bizə bir şeyi öyrədir: bayramın gözəlliyi onun şirniyyatlarında və ya tonqalının böyüklüyündə deyil, paylaşmağın və mehribanlığın dadındadır. Gəlin, bu Novruzda biz də nənələrimizin o qədim, səmimi ruhunu evlərimizə qonaq edək.
Hazırladı: Ləman Əliyeva, Aysel Qasımova, Nailə Hadızadə, Aysel Aslanova, Səmayə Qədirova
