Bu gün:

Fransada “xəyal avtomobil” qalmaqalı üzə çıxıb


Fransada aparılan audit yoxlaması nəticəsində ölkədə təxminən 1 milyon qanunsuz qeydiyyatdan keçmiş avtomobilin yollarda hərəkət etdiyi məlum olub. Bu saxtakarlıq dövlətə yüz milyonlarla avro vergi və cərimə itkisinə səbəb olub.


Araşdırmaya görə, bəzi saxta avtomobil dilerləri dövlətin nəqliyyat qeydiyyat sisteminə daxil olaraq saxta şirkətlər vasitəsilə avtomobilləri qeydə alıblar. Nəticədə həmin maşınların sənədləri normal görünsə də, sonradan avtomobil və sahibini izləmək mümkün olmur.

Hesabata əsasən, yalnız 2022–2024-cü illərdə dövlət büdcəsinə 550 milyon avro zərər dəyib. Fırıldaqçılar həmçinin ekoloji vergidən yayınmaq, texniki baxış nəticələrini dəyişdirmək və avtomobilin əvvəlki sahibini gizlətmək kimi üsullardan istifadə ediblər.

Bildirilir ki, cinayətkar qruplar bu avtomobillərdən oğurlanmış maşınları gizlətmək və narkotik daşımalarında istifadə ediblər. Fransa Daxili İşlər Nazirliyi problemi qəbul edərək qeydiyyat sisteminə giriş icazələrinin azaldıldığını və nəzarətin gücləndirildiyini açıqlayıb.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et