Futbol üzrə beynəlxalq idarəetmə orqanı olan FIFA-nın prezidenti Canni İnfantino bildirib ki, Donald Tramp İran milli komandasının qarşıdakı Dünya Çempionatında iştirakına etiraz etmədiyini ifadə edib.

ABŞ prezidenti Donald Tramp və FİFA prezidenti Canni İnfantino Dünya Çempionatının püşkatma mərasimində görüşərkən
İnfantino sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, o, Tramp ilə görüşərək turnirin hazırlıq prosesini müzakirə edib. BBC bildirib ki, qarşıdakı Dünya Çempionatı ABŞ, Kanada və Meksika tərəfindən birgə təşkil olunacaq və yarışın iyun ayında start götürməsi planlaşdırılır.
FİFA prezidentinin sözlərinə görə, görüş zamanı tərəflər İran ətrafında yaranmış siyasi və hərbi vəziyyəti də müzakirə ediblər. Buna baxmayaraq, Tramp İran millisinin turnirdə iştirakına qarşı olmadığını bildirib.
Hazırda Iran milli komandasının ABŞ-də üç oyun keçirməsi planlaşdırılır. Lakin son vaxtlar regionda baş verən hərbi gərginlik səbəbindən komandanın turnirdə iştirakı ilə bağlı müəyyən suallar yaranmışdı.
Məlumata görə, İran yığması iyunun 15-də Yeni Zelandiya, 21-də Belçika ilə Los-Ancelesdə, 26-da isə Misir ilə Sietldə qarşılaşmalıdır.
İnfantino bildirib ki, Dünya Çempionatı kimi böyük idman tədbirləri insanların bir araya gəlməsi üçün vacibdir və futbolun ölkələr arasında birləşdirici rol oynadığını bir daha göstərir.
İdman siyasətdən kənar qalmalı və belə beynəlxalq yarışlar ölkələr arasında dialoq və əməkdaşlıq üçün platforma rolunu oynamalıdır.
Fatimə Salmanlı
