Əsrlər boyu imperiyaları, sərhədləri və mədəniyyətləri aşan dolma bu gün dünyanın müxtəlif ölkələrində bayram süfrələrinin ayrılmaz hissəsinə çevrilib və qonaqpərvərliyin rəmzi kimi qəbul olunur.
(Şəkil: Getty Images)Dolma – adı türk dilində “doldurmaq” mənasını verən “dolmaq” felindən götürülüb – içliklə doldurulan yarpaq və ya tərəvəzlərdən hazırlanan yeməklər ailəsini ifadə edir. Tarixçilərin fikrincə, bu yeməyin geniş yayılması Osmanlı İmperiyası dövrünə, xüsusilə XV əsrə təsadüf edir. Saray mətbəxlərində müxtəlif tərəvəz və hətta ət növlərinin doldurulması ilə dolmanın onlarla variantı yaranıb.
İmperiyanın geniş coğrafiyanı əhatə etməsi – Balkanlardan Yaxın Şərqə, Qafqaza qədər – dolmanın fərqli bölgələrdə müxtəlif ad və dadlarla yayılmasına səbəb olub. Azərbaycan mətbəxində “yarpaq dolması”, ərəb ölkələrində “varaq ənab”, Yunanıstanda “dolmades”, Bolqarıstanda “sarmi” kimi tanınır. Soyuq iqlimli ölkələrdə üzüm yarpağını kələm əvəz edib.
Dolmanın Avropaya maraqlı səfərlərindən biri İsveçlə bağlıdır. 1709-cu ildə Poltava döyüşündən sonra Osmanlı torpaqlarında sığınacaq tapan İsveç kralı XII Karl ölkəsinə qayıdarkən bu yeməyin təsiri ilə kələm dolmasının yerli variantının – “kåldolmar”ın – yayılmasına səbəb olub.
Bu gün dolma bir çox ölkədə dini və milli bayramların əsas yeməklərindən sayılır. Ramazan ayında iftar süfrələrində, Milad və Yeni il mərasimlərində, eləcə də ailə toplantılarında xüsusi yer tutur. Azərbaycanda isə dolma hazırlamaq ənənəsi UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Mütəxəssislər bildirirlər ki, dolmanın xüsusi status qazanmasının səbəblərindən biri onun hazırlanmasının zəhmətli və kollektiv əmək tələb etməsidir. Yarpaqların hazırlanması, içliyin düzəldilməsi və səliqə ilə bükülməsi ailə üzvlərini bir masa ətrafında birləşdirir.
Əsrlərdir müxtəlif mədəniyyətlərə uyğunlaşaraq dəyişsə də, dolmanın əsas mesajı dəyişməz qalır: birlik, paylaşmaq və qonaqpərvərlik.
Tərcümə etdi: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
