Bu gün:

Çin: "İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir"


Çin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu bəyan edib.


Çin Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında Pekin administrasiyasının ABŞ–İsrail hücumlarından ciddi narahatlıq duyduğu bildirilib.

Tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran bəyanatda “İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir” ifadəsi yer alıb. Açıqlamada tərəflər gərginliyin daha da artmamasına çağırılıb, dialoq və danışıqların davam etdirilməsinin, həmçinin Yaxın Şərqdə sülh və sabitliyin qorunması üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

İran və ABŞ arasında danışıqlar davam etdiyi bir vaxtda İsrail və ABŞ səhər saatlarında İrana birgə hücum həyata keçirib.

İsrail Müdafiə Nazirliyi İrana qarşı “qabaqlayıcı zərbə” endirdiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə İrana qarşı “böyük əməliyyat” başladıldıqlarını bəyan edib.

Hücumların paytaxt Tehranla yanaşı, İsfahan, Kərəc, Qum, Təbriz, Şiraz, Buşehr, Kirmanşah və İlam şəhərlərini də hədəfə aldığı bildirilib.

İsrail və İran hava məkanlarını bağlayıb, İsraildə fövqəladə vəziyyət elan olunub və xəbərdarlıq siqnalları verilib. İranın mümkün əks-hücumları fonunda əhaliyə sığınacaqlara getmək çağırışı edilib.

İran ordusu ABŞ və İsrailin hücumlarına cavab olaraq İsrail istiqamətində onlarla ballistik raket və pilotsuz uçuş aparatı ilə zərbələr endirdiyini açıqlayıb.

Eyni zamanda İranın Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və İordaniya ərazilərində yerləşən ABŞ bazalarını da raket zərbələri ilə hədəfə aldığı, Bəhreyndəki ABŞ hərbi-dəniz bazasına zərbə endirildiyi bildirilib.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et