Bu gün:

Köhnə Wi-Fi routerləri ilə bağlı xəbərdarlıq


ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FBI) bildirir ki, 2000-ci illərin sonu və 2010-cu illərin əvvəllərində istehsal olunmuş, artıq istehsalçı dəstəyi almayan Wi-Fi routerlər kibercinayətkarlar üçün asan hədəfə çevrilib və istifadəçilər ciddi kiberhücum riski ilə üz-üzədir.

Qurumun açıqlamasına görə, istismar müddəti başa çatmış routerlər artıq proqram yeniləmələri və təhlükəsizlik yamaları almır. Bu isə həmin cihazları kibercinayətkarlar üçün asan hədəfə çevirir. Hücumçular məlum təhlükəsizlik boşluqlarından istifadə edərək routerlərə zərərli proqram yükləyir, tam inzibati (“root”) giriş əldə edirlər. Yoluxmuş cihazlar daha sonra botnet şəbəkələrinə qoşularaq koordinasiyalı kiberhücumlarda və ya qanunsuz proxy xidmətlərində istifadə olunur.

FBI xüsusilə Linksys markasına məxsus bəzi köhnə modellərin risk altında olduğunu vurğulayıb. Həmin cihazların bir çoxunda internet üzərindən uzaqdan idarəetmə funksiyası mövcuddur və bu xüsusiyyət hücum riskini daha da artırır. Mütəxəssislər bildirirlər ki, router əsaslı hücumları aşkar etmək çətindir, çünki ənənəvi antivirus proqramları şəbəkə avadanlıqlarını yoxlamır. FBI istifadəçilərə yenilənmə almayan köhnə routerləri daha yeni və təhlükəsiz modellərlə əvəz etməyi tövsiyə edir.

Mənbə: Slashgear

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et