Bu gün:

Keçmiş Fransa mədəniyyət naziri Lanq Ərəb İnstitutundakı vəzifəsindən istefa verib


Keçmiş Fransa mədəniyyət naziri Jak Lanq Jeffrey Epstein ilə keçmiş əlaqələrinin üzə çıxması və maliyyə araşdırmasının başlanmasından sonra Ərəb Dünyası İnstitutunun prezidenti vəzifəsindən istefa verib. Bu barədə şənbə günü Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmin gün daha əvvəl Fransa Maliyyə Prokurorluğu Jak Lanq və onun qızı Karolin Lanq barəsində “ağırlaşdırılmış vergi fırıldağının yuyulması” şübhəsi ilə istintaqa başladığını açıqlayıb.

Lanqın istefası ilə bağlı çağırışlar, ABŞ Ədliyyə Nazirliyinin yanvarın 30-da yayımladığı sənədlərdən sonra daha da güclənib. Həmin sənədlərdə maliyyəçi Jeffrey Epstein ilə Jak Lanq arasında 2012–2019-cu illər — Epsteinin həbsxanada intihar etdiyi tarixədək — dövri yazışmaların olduğu göstərilib.

Le Monde, Le Figaro və Mediapart daxil olmaqla Fransa mediası bildirib ki, ABŞ sənədlərində illərlə davam edən yazışmalar və maliyyə əlaqələrinin üzə çıxmasından sonra ilkin istintaq başlanıb.

Prokurorluq istintaqın aparıldığını təsdiqləsə də, əlavə detalları açıqlamayıb.

Qeyd edək ki, Jak Lanq bazar günü Ərəb Dünyası İnstitutuna nəzarət edən Fransa Xarici İşlər Nazirliyinə izahat vermək üçün çağırılmışdı. Sözügedən institut ərəb dünyasının tanıdılması və onun daha yaxşı anlaşılması məqsədi daşıyan mədəni və tədqiqat mərkəzidir.


Mənbə: CNN 

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et