Bu gün:

Yaponiya seçiciləri qarlı havada səs verib


Yaponiya vətəndaşları nadir qış qarına baxmayaraq, erkən parlament seçkilərində səs veriblər. Seçkilər Baş nazir Sanae Takaichi tərəfindən elan edilib və sorğular onun rəhbərlik etdiyi koalisiyanın qəti qələbə qazanacağını göstərir.

Takaichi bu addımı ötən ilin oktyabrında partiya liderliyini qazandıqdan sonra atıb. Bu, Yaponiyada son 36 ildə ilk qış ortası seçkidir. Onun Liberal Demokrat Partiyası (LDP) əvvəlki illərdə korrupsiya qalmaqalları səbəbilə nüfuz itirmişdi, lakin Takaichinin şəxsi reytinqi 70 faizdən yuxarıdır.

Seçicilər əsasən bahalaşma və yaşayış xərclərindən narazıdırlar. Tokio sakini Rumi Hayama deyib ki, mənzil qiymətləri xeyli artıb və ailələr üçün həyat çətinləşib. Digər seçicilər isə qısamüddətli deyil, uzunmüddətli iqtisadi həllər gözlədiklərini bildiriblər.

Qarlı hava seçici fəallığına təsir edib. Erkən səsvermədə iştirak əvvəlki seçkilərlə müqayisədə 2,5% azalıb. Bəzi regionlarda güclü qar səbəbindən qatar xətləri, bərələr və reyslər ləğv olunub, Tokioda isə nadir qar yağışı qeydə alınıb.

Buna baxmayaraq, müxalifət Takaichinin siyasətinə tənqidlər edir. Ekspertlər onun immiqrasiya, müdafiə xərcləri və Çinlə münasibətlərdə sərt mövqeyinin risklər yaratdığını deyir. ABŞ prezidenti Donald Trampla yaxın münasibətləri də seçicilər arasında müzakirə mövzusu olub.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et