Alimlər 2026-cı ildə ətraf mühit və texnologiya sahəsində çox mühüm bir yeniliyə imza atıblar. Onlar karbon dioksidi (CO₂) birbaşa havadan və ya sənaye tullantısı olan qazlardan tutaraq dərhal faydalı kimyəvi maddəyə çevirə bilən yeni bir elektrokimyəvi qurğu hazırlayıblar. 
Bu yenilik onu xüsusi edir ki, indiyə qədər istifadə olunan karbon tutma texnologiyalarında CO₂ əvvəlcə toplanır, sonra ayrıca mərhələdə emal olunurdu. Yeni sistemdə isə bu iki proses eyni anda, tək bir cihaz daxilində baş verir ki, bu da həm vaxt, həm enerji, həm də maliyyət baxımından böyük üstünlük yaradır.
Qurğunun əsas işi CO₂-ni formik turşusuna çevirməkdir. Formik turşusu sənayedə çox dəyərli maddə sayılır və kimya sənayesində, enerji daşıyıcılarında və müxtəlif istehsal proseslərində istifadə olunur. Cihaz xüsusi hazırlanmış üçqatlı elektroddan ibarətdir. Birinci qat qaz qarışığından karbon dioksidi özünə çəkir, ikinci qat qazların sərbəst keçməsinə imkan verən karbon əsaslı qoruyucu təbəqə rolunu oynayır, üçüncü qat isə katalitik funksiyanı yerinə yetirir.
Məhz bu son qatdakı qalay oksidi sayəsində tutulmuş CO₂ kimyəvi reaksiya nəticəsində birbaşa formik turşusuna çevrilir. Alimlər bu sistemi təkcə təmiz CO₂ ilə yox, həm də real sənaye şəraitini əks etdirən qaz qarışıqları ilə sınaqdan keçiriblər. Tərkibində oksigen və azot olan flue gas adlanan sənaye qazlarında belə cihaz yüksək effektivlik göstərib, halbuki əvvəlki texnologiyalar bu cür şəraitdə demək olar ki, işləmirdi. Daha da maraqlısı odur ki, sistem atmosferdəki çox aşağı CO₂ səviyyələrində, yəni adi havada belə aktiv qalır. Bu isə gələcəkdə karbonun birbaşa havadan tutulması imkanlarını genişləndirir. Bu kəşf göstərir ki, karbon dioksid artıq yalnız zərərli tullantı deyil, düzgün texnologiya ilə dəyərli resursa çevrilə bilər.
Alimlərin fikrincə, bu tip qurğular gələcəkdə zavod bacalarına, enerji istehsalı obyektlərinə və hətta şəhər mühitinə inteqrasiya edilə bilər. Beləliklə, həm iqlim dəyişikliyinə səbəb olan emissiyalar azaldılar, həm də iqtisadi dəyəri olan kimyəvi məhsullar əldə edilər. Bu texnologiya karbonla mübarizədə elmin atdığı ən real və ümidverici addımlardan biri hesab olunur.
Mənbə: Daily Science
Tərcümə etdi: Turqut Ansari
