Bu gün:

Yeni ilbiz növü alimləri heyrətə gətirib


Cənubi Afrikanın Cape Town sahillərində yerləşən və “Böyük Afrika Dəniz Meşəsi” kimi tanınan unikal yosun ekosistemində alimlər tamamilə yeni bir dəniz ilbizi növü aşkar ediblər. 

Bu kəşf okeanların, hələ də kifayət qədər öyrənilmədiyini və çox kiçik ölçülü canlıların belə dəniz ekosistemlərində mühüm rol oynadığını göstərir. Aşkar edilən bu dəniz ilbizi elmi baxımdan həm yeni növ, həm də yeni cins kimi təsnif edilib və ona "Introphiuricola rebeccae" adı verilib. 

Dəniz ilbizinin ölçüsü cəmi təxminən bir millimetrdir və bu səbəbdən, onu adi gözlə fərq etmək, demək olar ki, mümkün deyil. Bu canlıyı digər dəniz ilbizlərindən fərqləndirən əsas xüsusiyyət onun qeyri-adi yaşayış tərzidir. Dəniz ilbizi sərbəst şəkildə dəniz dibində yaşamır, əksinə, "equitailed brittle star" adlanan ulduzabənzər dəniz canlısının bədənində, daha dəqiq desək, onun yumurtalarının qorunduğu daxili boşluqda yaşayır. Alimlərin müşahidələrinə görə, dəniz ilbizi burada qidalanır, xarici təhlükələrdən qorunur və böyük ehtimalla həyat dövrünün əsas mərhələlərini də məhz bu mühitdə keçirir. 

Bu əlaqə parazitik xarakter daşıyır, yəni dəniz ilbizi ev sahibi olan canlıdan faydalanaraq yaşayır, lakin onu dərhal məhv etmir. Dəniz ekosistemlərində bu cür gizli və spesifik həyat formalarına nadir hallarda rast gəlinir və məhz buna görə bu tapıntı elmi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatçılar bildirirlər ki, bu dəniz ilbizinin aşkar edilməsi Böyük Afrika Dəniz Meşəsinin son dərəcə zəngin və hələ də tam araşdırılmamış biomüxtəlifliyə malik olduğunu sübut edir. Qeyd etmək lazımdır ki, dünyadakı dəniz yosunu meşələrinin böyük hissəsi iqlim dəyişikliyi, çirklənmə və insan fəaliyyəti nəticəsində artıq məhv olub və ya ciddi təhlükə altındadır. Belə bir şəraitdə yeni dəniz ilbizi növünün kəşfi yalnız elmi nailiyyət deyil, eyni zamanda dəniz mühitinin qorunmasının nə qədər vacib olduğunu xatırladan ciddi bir xəbərdarlıqdır. Bu kəşf “1001 Seaforest Species” adlı beynəlxalq elmi layihə çərçivəsində həyata keçirilib və layihənin əsas məqsədi dəniz meşələrində yaşayan, lakin indiyədək elmi cəhətdən sənədləşdirilməmiş canlı növlərini aşkar etmək və onların gələcəkdə qorunmasını təmin etməkdir.

Mənbə: Daily Science

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et