Bu gün:

NATO: Quruda əsgərlər, havada təyyarələr, Qara dənizdə gəmilər olacaq


NATO-nun Baş katibi Mark Rutte Ukraynaya veriləcək təhlükəsizlik təminatlarının möhkəm olacağını bildirib və “Quruda əsgərlər, havada reaktiv təyyarələr, Qara dənizdə isə gəmilər olacaq”, - deyə açıqlama verib.

Kiyevdə səfərdə olan Rutte Ukrayna Parlamentində çıxışı zamanı NATO-nun dəstəyini bir daha təsdiqləyib.

Rutte Rusiya Prezidenti Vladimir Putinin “gözləyərək qarşı tərəfi zəiflədə biləcəyini” düşündüyünü bildirərək qeyd edib ki, Putin Ukraynanın zəif olduğunu, onu dəstəkləyənlərin zamanla yorulacağını və iradənin sarsılacağını zənn edirdi.

Rutte bildirib: “Lakin o, böyük bir yanlışlıq içində idi. Ukrayna güclüdür və dəstəyimiz sarsılmazdır".

Qlobal miqyasda baş verən digər hadisələrə diqqətin yönəlməsinin Ukraynada müəyyən narahatlıqlara səbəb olduğuna diqqət çəkən Rutte deyib: “Ancaq sizi əmin etmək istəyirəm ki, diqqətimizi başqa istiqamətə yönəltməmişik. Ukrayna bizim təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır və bu, belə də qalacaq. Ukraynanı dəstəkləməkdə qətiyyətimiz sarsılmazdır".

Rutte NATO-nun “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) mexanizmi vasitəsilə milyardlarla dollar dəyərində mühüm ABŞ hərbi texnikasının müttəfiqlər və tərəfdaşlar tərəfindən maliyyələşdirilərək Ukraynaya ötürüldüyünü xatırladıb. O bildirib: “Keçən yay PURL mexanizmini işə saldığımız vaxtdan bəri Ukraynanın ‘Patriot’ batareyaları üçün istifadə olunan raketlərin təxminən 75 faizi, digər hava hücumundan müdafiə sistemlərində istifadə edilən raketlərin isə 90 faizi bu mexanizm sayəsində təmin olunub".

Mənbə: TRT Haber

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et