Bu gün:

Dərsliklərin durumu - İlqar Orucovla "1 sual 1 cavab"



24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucovdur. O, Azərbaycanda dərsliklərlə bağlı mövcud olan problemlər və onların həll yolları barədə danışıb.

-Azərbaycanda dərsliklərin vəziyyətini necə qiymətləndirirsiniz?


- Ümumi təhsilin keyfiyyətini yüksəltmək tələbi və məzmun islahatlarının dərinləşməsi, dərsliklərin hazırlanması siyasətinə yeni baxışın ortaya qoyulmasını zəruri edir. Azərbaycanda son illərdə bu istiqamətdə kifayət qədər işlər görülüb. Mən burada xüsusilə təhsilin keyfiyyətilə fərqlənən ölkələrdən biri olan Sinqapur təcrübəsinə toxunmalıyam. Azərbaycanda tətbiq edilməsinə artıq başlanılıb və bu təcrübənin tətbiqi, xüsusilə təbiət fənnləri üzrə təhsil proqramlarının yenilənməsinə, yeni nəsil dərsliklərin formalaşdırılmasına, eyni zamanda yeni çağırışlara cavab verəcək modern dərslik sisteminin qurulmasına öz təsirini göstərəcək. Bu əməkdaşlığın məqsədi  təcrübə mübadiləsində iştirak etmək, təhsil proqramlarının və dərslik komponentlərinin təkmilləşdirilməsidir. Çox vacib məqamlardan biri də odur ki, dərsliklər çapa verilməmişdən öncə Elm və Təhsil Nazirliyi tərəfindən elektron formada nazirliyin saytında yerləşdirilir. Müəllimlərin, təhsil ekspertlərinin, eyni zamanda valideynlərin o dərsliyin çap olunmamışdan öncəki versiyasıyla tanış olmaq imkanları var. Dərslik məsələsinə cəmiyyət də xeyli həssas olmalıdır. Cəmiyyət inkişaf edir, dünyanın inkişaf tempinə uyğun olaraq təhsilin keyfiyyətində yeni yanaşmaların tətbiqinə ehtiyac duyulur. Bir çox hallarda dərslik müzakirəyə çıxarılır. Amma mütəxəssislər, vətəndaşlar dərsliyə ictimai müzakirələr olanda biganə yanaşırlar və kitab çap olunandan sonra “burada filan səhvlər var, dərslik qəliz yazılıb, kifayət qədər başa düşülən deyil", deyə irad bildirirlər. Buna görə fəal iştirak lazımdır. Təhsil sahəsində olan insanlar bu məsələdə çox aktiv iştirak etməlidirlər. Biz zaman-zaman müşahidə etmişik, dərslik bütün prosedurlardan keçdi, çap olundu, dövlətin də milyonlarla vəsaiti ora sərf olundu. Lakin dərsliyi vərəqləyəndə aşkar olunur ki,  xətalar var. İndi siz təsəvvür edin ki, bir sinifdə bir dərsliyi dəyişmək üçün nə qədər dövlətin vəsaiti sərf olunur. Ölkəmizdə dərslik hazırlayan peşəkar bir qrupun olması olduqca vacibdir. Sual verim. Nazirin vaxtı varmı dərslik yazmağa? Əlbəttə yoxdur. Yaxud tutaq ki, ölkədə tanınmış bir alim, akademik, professor adını dərsliklərə yazdırır. Heç onun dərsliyi yazmağa zamanı yoxdur, yəni o yazmayıb. Sadəcə olaraq prestij xətrinə yazdırıb. Bu işlə məşğul olan konkret insanlar olmalıdır, cavabdehlik məsələsi də onların üzərinə qoyulmalıdır. Eləcə də ictimai müzakirə önəm kəsb edir.


Günel Məmmədova

Paylaş
Şərh əlavə et