24media.az-ın budəfəki müsahibi psixoanalitik, tarixçi, yazar, "Şükriyyə taleyim", "Aljir", "Ortaq şəhər", "Şeytanın missiyası", "Buqələmun", "Üzü cəhənnəmə" əsərlərinin müəllifi Ülviyyə Tahirdir.

Müsahibə ərzində Ülviyyə Tahir ilə "Şükriyyə taleyim", "Aljir" romanları, "yeni yazdığı əsərlərin mövzusu", "qadın şəxsiyyəti", "yazıçı olmaq üçün hansı xüsusiyyətlərə malik olmalıyıq?", "mütaliənin faydaları", "elmi kitabları oxumağın vacibliyindən danışmışıq."
Ülviyyə Tahir oxuculara tövsiyə edir ki, "Şükriyyə taleyim" əsərindən öncə "Aljir" romanını oxusunlar və əsərlər haqda məlumat verir:
"Aljir" kitabı ilkdir, "Şükriyyə taleyim" kitabı isə ikincidir. Düzdür, məzmun tamamilə fərqlidir, amma "Aljir" əsəri məlumat mənbəyidir. 1937-ci ildə Azərbaycan ziyalıları repressiyaya uğradıldıqdan sonra onların xanımlarını Qazaxıstandakı "Vətən xainlərinin" həyat yoldaşlarının saxlanıldığı düşərgəyə göndərdilər. İlk növbədə, araşdırma aparanda Aljirlə qarşılaşdım. Düşündüm ki, mən bu barədə bir əsər yazım. Mənim "Aljir" romanım tam təxəyyülə əsaslanır. Əsərdə prototiplər var. Gülarə Qədirbəyovanın və digər Azərbaycan qadınlarının prototiplərini qələmə almışam. "Aljir" əsəri uğur qazandıqdan sonra düşündüm ki, Əhməd Cavad və Şükriyyə xanım haqqında da bir roman yaza bilərəm. Düzdür, Axundzadə ailəsi haqqında kifayət qədər yazılar yazılıb. Publisistik məqalələr, televiziya filmləri, tamaşalar hazırlanıb. Fikirləşdim ki, fərqli bir toxunuş etmək necə alınar? Beləliklə, "Şükriyyə taleyim" romanı yazıldı. Nə dərəcədə alınıb? Buna artıq oxucu qərar verir."
Yazar qeyd edib ki, soyqırım haqqında yazdığı romanı yaradıcılığına böyük bir təkandır:
"Payızda çapa gedəcək, üç ilə yazdığım əsər 1918-ci il mart soyqırımı, İrəvan, Ərzurum soyqırımları haqqında ortaq bir tarixi romandır. Mənim yazılarım içərisində ən ağır artilleriyadır. Redaktorumla danışarkən o qeyd etdi ki, əsər var ki, orada mövzu güclüdür, əsər də var orada yazıçı güclüdür. "Aljir", "Şükriyyə taleyim" əsərlərində də mövzu güclüdür. Mövzuları kifayət qədər qüvvətlidir. Yazıçı harada güclü olur? Mövzu zəifdir, mövzu barədə çox az məlumat var. Mart soyqırımı haqqında yazdığım əsər isə daha çox fəlsəfidir, işğal barəsindədir. İşğal insanı necə məhv edə bilər? Orada isə qadın və uşaqlar var. Qadın və uşaqlar isə tarixin məzlum simasıdırlar. Onlar haqqında təsirlənmədən danışmaq olmur".
O həmçinin repressiya haqqında yazdığı uşaq romanından da danışıb:
"Repressiya haqqında uşaq romanını yazanda əlimdə üç cümlə var idi. 80 yaşlı bir qadın korona virusdan vəfat edir. Onun nəticəsinə dediyi üç cümlə ilə yola çıxdım. Təsəvvür edirsiniz? Sadəcə üç cümlə. Sanki sizi üç damla su ilə səhraya buraxıblar. Repressiya qurbanları haqqında uşaq kitabı 13 yaşdan yuxarı yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Real bir hadisəyə əsaslanır. 1937-ci ildə 8 yaşlı bir qız altı ay dəmir yol stansiyasında atasının yolunu gözləyir. Tarixi hadisədir. Müraciət etdilər ki, belə bir tarixi hadisəni yazım. Mən də yazdım. Yenidən repressiya qurbanları haqqında tarixi roman yazacağım bəlli deyil".
Müsahibimiz həmçinin qadın şəxsiyyəti mövzusuna toxunub:
"Qadının şəxsiyyəti yoxdursa, qadın şəxsiyyətini formalaşdırmayıbsa, bu zaman qadının hansısa bir işindən, əməlindən, gedəcəyi yoldan, hədəfindən danışmağın mənası yoxdur. Çünki o, ilk addımda büdrəyəcək, yıxılacaq, heç bir məqsədinə çata bilməyəcək. Ona görə də Şükriyyəni qalib edən onun şəxsiyyəti oldu. O elə bir şəxsiyyət idi ki, Əhməd Cavadın həyat yoldaşı olduqdan sonra da bitmədi, tükənmədi. Necə ki orta statistik məişətdə qadın harada bitir? Həyat yoldaşının kölgəsində. Amma biz romanda Əhməd Cavad güllələndikdən sonra da Axundzadə ailəsinin birgəliyini gördük. Bu romandakı, həyatdakı Şükriyyənin formalaşmış şəxsiyyətinin nəticəsi idi və bu bizim hamımıza lazımdır. Biz qadın olaraq, nə istədiyimizi, nəyə nail olmaq istədiyimizi bilməliyik. Əgər kölgədə gizlənəcəyiksə, heç vaxt qadın azadlığından danışa bilməyəcəyik. Söhbət zehni azadlıqdan gedir. Bu tamamilə başqa bir məqamdır. Bunun təzahürünü "Şükriyyə taleyim" romanında görürük. Orada bir qadın azadlığı, şəxsiyyət azadlığı var."
Ülviyyə Tahir onu da qeyd edib ki, o, tarixçi olsa da, bir tarixi roman yazarkən uzun müddət araşdırmalar aparır:
"Bu araşdırmalar üç ay, altı ay, bir il müddət çəkir. O müddət ərzində, demək olar ki, yaradacağım obraz haqqında tam məlumat toplayıram. "Şükriyyə taleyim" kitabı 45 günə yazılıb. Altı ay araşdırma aparmışam. Mən Axundzadə ailəsi ilə görüşmək istəyərkən ailə qeyd etdi ki, hər bir şey çap olunub, xatirə kitablarında var. Axundzadə ailəsi haqqında nəşr olunan ilk kitab daxil olmaqla, bütün kitabları oxudum. Şükriyyə xanımın son müsahibəsi – otuz-qırx saniyəlik video əlimə keçdi. Məqalələrdən də bir-iki kəlmə əldə edə bildim. Şükriyyə obrazını, demək olar ki, sıfırdan yaratmalı oldum. Onun övladı ilə qarşılaşması, kəndə dönməsi – bunlar hamısı yazıçı təxəyyülün məhsuludur. Əhməd Cavad həyatını araşdırmaq istəyənlər Bəkir Nəbiyevin Əhməd Cavad haqqında yazdığı kitabları oxuya bilərlər. "Aljir" romanını yazarkən Ziya Bünyadovun "Qırmızı terror" əsərindən istifadə etmişəm. Ümumiyyətlə, mən tarixi roman yazarkən arxivlərdən, tarixi materiallardan, kitablardan saysız dərəcədə istifadə edirəm. Amma yenə də təxəyyül öz işini görür. Əsas təxəyyüldür. Yazıçı təxəyyülü zəngin deyilsə, siz kitablardan yalnız məqalə yaza bilərsiniz. O obrazı yazıb, yarada bilməyəcəksiniz. Xatirələri pazl kimi bir yerə yığmaq, roman şəklinə gətirmək artıq bu yazıçı işidir. "Şükriyyə taleyim" məhz xatirələr əsasında yazılıb. Tarixi materiallar sadəcə fondakı, kulisdəki işlərdir. Bu yaxınlarda bir roman bitirdim. Orada bir prokuror obrazı yaratdım. O prokuror məcburən, valideynlərinin israrı ilə torpaqşünaslıq fakültəsini yarımçıq qoyub, hüquq fakültəsinə keçir. Lakin onun qəlbi bir torpaqşünas kimi döyünür. Orada o obrazı yaradarkən, obrazla vahidləşərkən, düşündüm ki, bir torpaqşünas necə fikir yürüdə bilər? Mənim ikinci peşəm psixoanalitikdir. Psixoanalitik kimi danışarkən tamamilə başqa müstəvidə danışıram."
Müəllif Şükriyyə obrazını yaradarkən keçirdiyi hissləri bizimlə bölüşüb:
"Şükriyyə xanımın obrazını yaradarkən hiss etdim ki, vahidləşmə getmir. O obrazı hiss etmirəm. Gərək obrazı hiss edəsiniz. Şükriyyə xanımdan yazmaq üçün icazə istədim, onun üçün dualar etdim. Şükriyyə xanımın ruhundan icazə aldım. Mənə, adətən, oxucular e-maillər yazarkən "Salam, Şükriyyə xanım" yazırlar. Bu artıq yazarla obrazın vahidləşməsidir. Bu əsər haqqında danışarkən kövrəlmədən danışa bilmirəm. Əsəri çox dərin, qəlbimlə yaşamışam. Əsər o zaman uğurlu olur ki, yazıçı mətn arxasında yox olur. Siz mətni oxuyursunuz, sonra düşünürsünüz ki, bu əsəri yazan bir yazar var, onu axtarırsınız. Bu artıq uğurdur. Mənim üçün "Şükriyyə taleyim" mühümdür, çünki o həssas, duyğusal dolu bir əsərdir."
O eyni zamanda "Şükriyyə taleyim" kitabının dizaynı, oxucuların diqqətini çox cəlb edən əlfəcin barəsində məlumat verib:
"Çap edilən kitablarımın dizaynının ideyası mənə məxsus deyil. Kitabın içərisində olan əlfəcinin dizaynı nəşriyyata məxsusdur. Hətta "Şükriyyə taleyim" əsərinin əvvəlki adı "Çəhrayı çamadan" idi. Sonra onu dəyişdirdilər. Dedilər ki, "Çəhrayı çamadan" yox, "Şükriyyə taleyim" daha çox Azərbaycan xalqının genetik yaddaşı ilə səsləşir, həm də oxucunu cəlb edir.
Kitabdakı fotoları Əhməd Cavadın nəvəsi Anar Axundzadə verib. Kitabın marketinq tərəfi var və onu nəşriyyat təyin edir. Təsirli olması üçün Şükriyyə xanımın həbs düşərgəsindəki nömrəsini əlfəcin etdilər. Hər bir sahənin özünün açarı var. Müasir dünyanın da açarı orijinal ideyadır. Yəni mətn mənlik, qeyri məsələlər isə nəşriyyatın öz yol xəritəsidir."
Yazıçı bildirib ki, ədəbiyyat üçün fakt önəm daşımır:
"Siz publisistik məqalə, tarixi araşdırma yazmırsınız. Bu, romandır. Romanın həqiqiliyi inandırıcılığında yatır. Romanın həqiqiliyi onun faktologiyasında yatmır. Bu, ədəbiyyatın tələbidir. Əgər "Mən faktlara əsaslanıram" deyirsinizsə, onda siz araşdırmaçı, publisistsiniz. Filmə baxarkən film nə qədər inandırıcıdırsa, o qədər filmdən təsirlənirsiniz. Filmin faktlarına əsaslanırsınızsa, o artıq sənədli film olur. Bu baxımdan romanla publisistika arasında incə, zərif bir xətt var. Buna görə də mən çox faktologiyaya getmirəm. Doğrudur, bəzi faktlar var ki, o danılmazdır. Düşərgədəki həyatı, Əhməd Cavadla qarşılaşması, qoşulub qaçmağı bunlar faktlardır. Həm də sadəcə olaraq hadisənin içindəki ştrixlərdir."
Müəllif qeyd edib ki, ssenari mərkəzindən müraciət edərək "Aljir" və "Şükriyyə taleyim" romanlarının hər ikisindən on iki seriallı teleserial çəkmək istədiklərini bildiriblər:
"Belə bir fikir var. O fikri reallaşdıracaqlarmı? Bu barədə bir söz deyə bilmərəm. Əlbəttə ki, öhdəsindən gələ bilərlərsə, bu yazıçı üçün bir fəxr olar."
Yazar elmi kitablardan davamlı olaraq istifadə etdiyindən, mütaliənin insanın xəyal dünyasını inkişaf etdirdiyindən bəhs edib:
"Xalqın inkişafı elmi kitablardan keçir. Dünya elmi kitabları oxutdurmağın yolunu tapıb. Dünyaca məşhur, yəhudi əsilli tarixçi Romanovlar sülaləsi Stalin haqqında tarixi hadisələri səhnələşdirərək əsər yazıb. İstənilən adam o əsəri oxuyaraq həm elmi məlumat ala bilər, həm də maraqlı bir sərgüzəşt ilə tanış ola bilər.
"Silah və mikrob" çox gözəl əsərdir. Düşünürəm ki, elmi kitabların oxunması vacibdir. İlk növbədə, psixologiya, insan davranışları, beynimiz, bədənimiz barədə məlumatlı olmalıyıq. Özümüzü kəşf etməliyik. Birinci özümüzü öyrənməliyik, sonra ətrafdan xəbərdar olmalıyıq. Elə bir gün olmasın ki, oxumasınlar.
Kitab həyatımın yüzdə doxsanını təşkil edir. Məşhur yazıçılardan biri deyib ki, könlümə gözəl bir roman düşəndə oturub yazıram. İnsanın beyninin hüceyrələrinin yenilənməsi yalnız kitab oxumaqla mümkündür. Beyin kifayət qədər tənbəl orqandır. Sizi komfort zonaya çəkirsə, o üzərinizdə hakimdir. Mənə deyirlər ki, siz sürətli roman yazırsınız. Bir ilə iki-üç roman yazıram. Beynim artıq tabe olub. Hər anını qiymətləndirir. Beynim başa düşüb ki, o yazmasa, yaşaya bilməz. O buna inanıb. Yazmaq mənim həyatımın təyinatıdır. Mən müxtəlif peşələrlə məşğul olmuşam. Lakin əmin olmuşam ki, həyatımın təyinatı yazıçılıqdır. Başqa bir yerdə özümü təsəvvür edə bilmirəm. Təbii ki, başqa bir işim var. O mənim üçün əlavədir.
Müsahibimiz qeyd edib ki, səbirsiz insan yazıçı ola bilməz. Səbirdən öncə istedad lazımdır. Heç olmasa, on faiz belə istedad olsun ki, o istedada söykənib yola çıxasan. Yazıçılıq öyrənilə bilən sahədir. İstedadın və zəhmətin paralel getdiyi bir yoldur. O ikisi bir-birini tapanda gözəl romanlar, yazılar meydana gəlir. Hər bir peşənin, sənətin təlimatı, funksiyası var. Uzun bir yol keçilməlidir. Təhsil alınmalıdır. Asanlıqla peşəkarlıq əldə edilmir. Təlimatsız yola çıxmayın. Ana olmaq istəyirsiniz, ana olmağın təlimatını öyrənin. Sonra ana olmaq haqqında qərar verin. Düşünün, o təlimata uyğunsunuzmu? Ailə həyatı qurmaq istəyirsinizmi? Ailə haqqında təlimatlarla tanış olun. Bəlkə, ailə həyatı qurmaq sizin ruhiyyənizə uyğun deyil. Bəlkə, gecikmisiniz, tez ailə həyatı qurmalı idiniz. Hətta alətlərin, vəsaitlərin belə istehsal olunanda üzərində təlimat olur. Necə quraşdırılacağı, necə istifadə olunacağı barədə təlimat var".
O, yeni yaratdıqları rəy şirkəti barədə ətraflı danışıb: "2022-ci ilin dekabr ayında üç xanım bir araya gəlib rəy şirkətinin əsasını qoyduq. Artıq yüz ildir, Avropada, Amerikada rəy şirkətləri fəaliyyət göstərir. Rəy şirkətləri heç bir nəşriyyata tabe olmurlar. Yazarların əsərini oxuyurlar, rəy verirlər. Sonra yazarlarla görüşürlər, tövsiyələr verirlər, yəni "bu hissəni fərqli yazsanız daha maraqlı olar" kimi fikirlər bölüşürlər. Avropada, Amerikada bu şirkətlər o qədər böyüyüblər ki, rəysiz heç bir əsər nəşriyyata getmir. Belə bir ənənə bizim ölkədə yoxdur. Şirkətimiz tərəfindən yazıçılıq kursları da təşkil edirik. Yanvar ayında baş verdi. Düşünürük ki, birini də sentyabr ayında gerçəkləşdirək. İki aylıq kursdur, səkkiz dərsdən ibarətdir. Yazıçının baza məlumatları çatdırılır. Obraz necə olmalıdır, yazı necə qurulur, əsərin giriş, nəticə hissələri haqqında məlumat veririk. Qrupumuzda yeddi nəfər var idi. Həmin insanlardan birinin payızda kitabı çıxacaq. Kursda biz dərsi keçdikcə, tələbələrdən bir neçəsi dedi ki, biz artıq kitabı necə oxumağın ləzzətini duymağa başlamışıq. Kitabı necə oxumağın qaydalarını öyrəndik. Halbuki mənim onu öyrətmək kimi bir niyyətim yox idi. Hər bir kitab fərqli daddır.
Son olaraq, müsahibimiz fikirlərini bu sözlərlə yekunlaşdırıb: "2009-2017-ci illər aralığında yüzə yaxın hekayə yazmışam. Bəziləri çap olunub, bəziləri isə yox. İndi hekayə yazmağı bacarmaram. Yazıçı Atakan deyib ki, roman marafon qaçışıdır. O marafon qaçışında nə qədər nəfəsiniz çatır qaçın. Dayananda hekayə yazarsınız. Bəlkə, mən marafon qaçışçısıyam. Nəfəsim dayananda hekayə yazaram. Hekayə yazmaq çox gözəldir. Həm də çətin məsələdir. Sprinter qaçışına bənzəyir. Bütün qüdrətinizi ortalığa qoymalısınız."
Nuran Əhmədzadə
