Bu gün:

Kiber hücumlardan qorunmağın yolları- mütəxəssislə müsahibə


24media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki müsahibi İT üzrə mütəxəssis Nicat İbrahimovdur. O, müasir dövrdə kiber hücumlardan qorunmağın yollarından danışıb. 

-Sizcə, müasir dövrdə kiberhücum risklərini azaltmaq üçün istifadəçilər hansı təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər?

Müasir dövrümüzdə, kiber hücumların daha da artdığı bir zamanda biz hər bir istifadəçinin, mobil cihazdan istifadə edən şəxsin öz məlumatlarını, maliyyə hesabatlarını qoruması üçün qabaqlayıcı tədbirlərdən istifadə etməyini məsləhət görürük. Kiber hücum növləri müxtəlifdir. Bunlara nümunə olaraq "phishing" hücum növünü misal göstərmək olar. Bu hücum növü daha çox sosial şəbəkə üzərindən və ya elektron poçt, mesaj vasitəsilə istifadə olunur və şəxsi məlumatları əldə etməyə çalışırlar. Bu hücumlar daha çox link vasitəsilə həyata keçirilir.

İstifadəçiyə hər hansısa sosial şəbəkə və ya elektron poçt, mesaj vasitəsilə link göndərilir, istifadəçi bunun hücum olduğunu bilmir və həmin linkə daxil olur. Bu zaman onun mobil cihazında və ya sosial hesabında olan məlumatları əldə olunur. Bunlara bank hesabları və ya hansısa sosial şəbəkələrin giriş parolları, istifadəçi adları da daxildir.

Zərərli proqramlar və ‘’ransomware’’ hücumları

Bundan əlavə, digər bir növ mal və ya kiber hücum növüdür ki, zərərli proqramlar vasitəsilə komputerə və ya şəbəkəyə ziyan vura bilirlər, bu zaman məlumatı oğurlayıb və ya sistemi əlverişsiz hala gətirirlər. Digər növlərə nümunə olaraq " ransomware " şifrələmə metodlu hücumu misal göstərmək olar. Bu daha çox təhdid xarakterli və pul oğurluğu məqsədli olur. Hücum vasitəsilə sistemə giriş əldə olunandan sonra sistemdə və ya kompüterdə olan məlumatları demək olar ki, tamamilə şifrələyərək oları əlverişsiz hala gətirirlər, onun bərpa olunması müqabilində isə hər hansısa bir pul tələbi olur və bu formada hücumlarını həyata keçirmiş olurlar.

DDoS hücumları və təhlükə səviyyəsi

Əlavə olaraq, "DDoS" hücum növü var ki, bu daha çox dağıdıcı məqsəd daşıyır. Bu hücum vasitəsilə bütün sistem və ya sayt tamamilə əlçatmaz ola, çökdürülə bilər. Müasir dövrümüzdə bu hücumlardan qorunmaq üçün istifadəçilərin ciddi formada nəzərə almalı olduğu önləyici tədbirlər var. Onlara ilk olaraq güclü şifrələrdən istifadə etmək məsləhət görülür.

Güclü şifrələr və iki faktorlu qorunma

İstifadəçilər mümkün qədər güclü şifrələmə metodlarından istifadə etməlidirlər. Şifrələrin ən yaxşı halda daha uzun simvollardan (8-11) ibarət olması məsləhət görülür, həmçinin qarışıq olması daha yaxşıdır. Şifrələrin mütəmadi olaraq dəyişdirilməsi və iki faktorlu identifikasiya metodlarından istifadə olunması təklif olunur.

Antivirus proqramlarının əhəmiyyəti

Daha sonra kompüterlərdə, mobil cihazlarda antivirus proqramlarından istifadə olunması məsləhətlidir. Antivirus proqramlarını lisenziyalı, yəni rəsmi formada olmağı daha yaxşıdır, çünki lisenziyalı formada yeni virus növləri peyda olduqda artıq həmin antivirus proqramı öz serveri ilə əlaqə saxlayaraq, o yeni virus haqqında məlumatı özündə yerləşdirir və hər hansısa bir proqram və ya məlumat həmin virusa yoluxduqda dərhal onu aşkarlaya bilir.

Yenilənmələr və şübhəli mənbələrdən yayınma

Proqram və əməliyyat sistemlərinin yenilənmələrini (update) mütamadi olaraq biz yoxlamalı və yenilənmiş formaları öz komputer və ya mobil cihazlarımızda yükləyib istifadə etməliyik. Əlavə olaraq, istifadəçilər mümkün qədər şübhəli elektron poçt və ya mesajlardan qaçınmalıdırlar. Mənbələrin dəqiq, rəsmi və təyin olunmuş formada olduğunu dəqiqləşdirməyənə qədər onlardan istifadə etməmələri məsləhət olunur.

Şəbəkə təhlükəsizliyi və ''W-Fİ'' qorunması

Mümkün qədər güclü parol menecerlerindən istifadə etsinlər, öz parollarını sosial şəbəkə hesablarına həmin menecerlər vasitəsilə saxlanc formasında yerləşdirsinlər.

Şəbəkə təhlükəsizliyi məsələsi var ki, bu təhlükəsizlik daha çox böyük şirkətlərdə korporativ mühitdə istifadə olunur, amma istifadəçinin özü də ev şəraitində mümkün qədər şəbəkənin qorunma divarı və şifrələnmə texnologiyalarından istifadə etməlidir. Məsələn, ‘’Wİ-Fİ’’ şəbəkəsi şifrələnməsi parolunun mürəkkəbliyinə önəm verilməlidir ki, o şəbəkənin hücum olunub, qarşısının alınmasının bir növüdür.

Sosial şəbəkələrdə şəxsi məlumat riski

Sosial şəbəkələrdə mənbəyi bilinməyən hər hansı bir postlarını altında şəxsi məlumatlar, telefon nömrələri və ya poçt adreslərinin qeyd olunması məsləhət görülmür. Bu yaxınlarda özüm ‘’Linkedln’’ sosial şəbəkə platforması üzərində iş üçün paylaşılmış bir iş elanında şəxsi e-mail (elektron poçt) adresimi qeyd etmişdim, amma baxdım ki, heç bir geri dönüş olmadı və bir neçə gün sonra şübhəli hal olaraq mənim elektron poçt ünvanıma sorğunun gəldiyini gördüm, hansısa bir hesaba daxil olunmağa cəhd edilmişdir. Yəni bu halı özüm də yaşamışam və məsləhət görürəm ki, bilinməyən paylaşımlara öz şəxsi məlumatlarımızı qeyd etməyək.

Nəticə olaraq, kiber hücumlar günümüzdə artmaqda davam edir, mümkün qədər biz ilkin önləyici tədbirlərdən istifadə etməliyik ki, kiber hücumlara qarşı hər bir fərd özü mübarizə apara bilsin.

Hazırladı: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et